Aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri keçirilir

20 İyul, 2026 - 18:35
Aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri  keçirilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən metodik xidmət sisteminin keyfiyyətinin artırılması, aparıcı metodistlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə göstərilən metodik dəstəyin səmərəliliyinin yüksəldilməsi məqsədilə aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri və seminarlar keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, təkmilləşdirmə proqramı metodik xidmətin müasir tələblərə uyğun təşkili və idarə olunması istiqamətində aparıcı metodistlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Təlimlər zamanı iştirakçılar nəticəyönümlü fəaliyyətin planlaşdırılması, əsas performans göstəricilərinin (KPI) və əsas fəaliyyət sahələrinin (KPA) müəyyənləşdirilməsi, SMART məqsədlərin hazırlanması, fəaliyyət nəticələrinin monitorinqi və təhlili, SWOT analizinin aparılması, inkişaf ehtiyaclarının və prioritet istiqamətlərin müəyyənləşdirilməsi, strateji və operativ fəaliyyət planlarının hazırlanması mövzuları üzrə praktik biliklər əldə edirlər.

Bununla yanaşı, proqram çərçivəsində peşəkar ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, müəllimlər, məktəb rəhbərliyi və digər tərəfdaşlarla effektiv əməkdaşlıq mexanizmlərinin tətbiqi, konstruktiv əks əlaqənin verilməsi, eləcə də kiçik summativ qiymətləndirmə (KSQ) vasitələrinin hazırlanması, qiymətləndirmə meyarları və rubriklərin tərtibi, keyfiyyətli qiymətləndirmə tapşırıqlarının hazırlanması istiqamətlərində nəzəri və praktik fəaliyyətlər həyata keçirilir.

Seminarlar interaktiv təlim metodları əsasında təşkil olunur. Qrup işləri, praktiki tapşırıqlar, nümunə təhlilləri, təqdimatlar və qarşılıqlı müzakirələr vasitəsilə iştirakçılar əldə etdikləri bilik və bacarıqları real iş nümunələri üzərində tətbiq edir, məktəblərdə metodik xidmətin daha sistemli və nəticəyönümlü təşkili üçün praktik həllər hazırlayırlar.

Keçirilən təkmilləşdirmə görüşləri aparıcı metodistlərin peşəkar kompetensiyalarının gücləndirilməsinə, məktəblərdə metodik dəstəyin keyfiyyətinin yüksəldilməsinə və metodik xidmət sisteminin davamlı inkişafına mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər müəllimlərin peşəkar inkişafının dəstəklənməsinə və təhsilin keyfiyyətinin artırılmasına xidmət edən metodik xidmət modelinin daha da təkmilləşdirilməsinə şərait yaradır.

Aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri  keçirilir
Aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri  keçirilir
Aparıcı metodistlər üçün təkmilləşdirmə görüşləri  keçirilir