ATU təqaüd proqramına müraciət qəbuluna başlayıb
Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələri üçün yeni imkan yaradılıb. Universitetin İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən “STARTAPÇI” təqaüd proqramına müraciət qəbulu başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində seçiləcək 5 tələbə 6 ay müddətində aylıq 150 manat məbləğində təqaüd alacaq. Bununla yanaşı, iştirakçılar real layihələrdə yer almaq, innovativ mühitdə təcrübə toplamaq və güclü portfolio formalaşdırmaq şansı əldə edəcəklər.
Təqaüd proqramı sentyabr ayından start götürəcək. Namizədlər 100 ballıq sistem əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən tələbələr seçiləcək. Qiymətləndirmə zamanı akademik göstəricilərlə yanaşı, texniki bacarıqlar, startap düşüncə tərzi və ümumi aktivlik əsas meyarlar kimi nəzərə alınacaq.
Qeyd edək ki, proqramın əsas məqsədi tələbələr arasında innovasiya və sahibkarlıq ruhunu təşviq etmək, onların praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirməkdir.



