Azərbaycanda ananın təhsil səviyyəsi uşaqların inkişafına necə təsir edir? - TƏDQİQAT
“Aparılan təhlillər göstərir ki, ali təhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında deyib.
O bildirib ki, savadlılıq göstəricisi ali təhsilli anaların uşaqlarında 501 bal olduğu halda, ali təhsili olmayan anaların övladlarında 474 bal təşkil edib: “Riyazi bacarıqlarda da oxşar fərq müşahidə olunur: müvafiq olaraq 546 və 510 bal. Emosiyanın səbəbinin müəyyən edilməsi üzrə də fərq cüzi olub (503 və 502 bal). Sosial davranış göstəricilərində isə diqqətçəkən fərqlər mövcuddur. Sosial yönümlü müsbət davranış ali təhsilli anaların övladlarında 524 bal olduğu halda, digər qrupda 492 baldır. Maraqlı məqamlardan biri isə pozucu olmayan davranış üzrə nəticələrdir. Bu sahədə ali təhsili olmayan anaların övladları (514 bal) ali təhsilli anaların övladlarını (504 bal) üstələyib”.



