Azərbaycanda ilk dəfə "Day of AI” konfransı keçirilib
Azərbaycanda ilk dəfə MIT RAISE təşəbbüsü əsasında "Day of AI” konfransı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, mayın 16-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycanda ilk dəfə olaraq keçirilən bu konfrans süni intellektin təhsildə tətbiqi, AI savadlılığının inkişafı və gələcək yönümlü təhsil yanaşmalarının müzakirəsinə həsr olunub.
Konfrans çərçivəsində dövlət qurumlarının nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, ali təhsil müəssisələri, innovasiya mərkəzləri və texnologiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq ekspertlər bir araya gəliblər. Tədbirin əsas məqsədi süni intellektin təhsil ekosistemində praktik tətbiq imkanlarını müzakirə etmək, süni intellekt savadlılığını təşviq etmək və müxtəlif sektorlar arasında əməkdaşlıq platforması yaratmaqdır.
Tədbirin proqramına "keynote" çıxışlar, panel müzakirələri, vörkşop sessiyaları və ekspo hissəsi daxil idi. Panel sessiyalarında təhsil sisteminin rəqəmsal transformasiyası, AI strategiyalarının tətbiqi, gələcəyin məktəbləri, kibertəhlükəsizlik və innovativ təhsil modelləri kimi mövzular müzakirə olunub.
Konfransın "keynote" sessiyası “Future-Ready Schools in the AI Era” mövzusuna həsr olunub. Sessiya çərçivəsində təhsildə AI savadlılığı, məktəblərin AI dövrünə uyğun transformasiyası, müəllimlərin dəyişən rolu və gələcək yönümlü öyrənmə yanaşmaları ilə bağlı beynəlxalq təcrübələr təqdim edilib.
Konfransda iştirak edən spikerlər arasında Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, PASHA Holdinq, ASAN AI Hub, ADA Universiteti, Qarabağ Universiteti, Avropa Azərbaycan Məktəbi və digər nüfuzlu qurumların nümayəndələri yer alıb.
Tədbir çərçivəsində təşkil olunan vörkşop sessiyalarında iştirakçılar AI alətlərinin təhsildə praktik tətbiqi, Project-Based Learning (PBL), AI etikası, kurikulum inkişafı, qiymətləndirmə və gələcəyin bacarıqları istiqamətində praktik təcrübə əldə ediblər.
Eyni zamanda, ekspo zona çərçivəsində innovasiya mərkəzləri, AI və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları öz layihə və həllərini təqdim ediblər. Bu zona iştirakçılar üçün yeni əməkdaşlıq imkanları və peşəkar əlaqələrin qurulması baxımından mühüm platformaya çevrilib.
Konfransın baş Sponsoru ölkənin aparıcı holdinqlərindən biri olan PASHA Holding, tədbirin sponsoru ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal" olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" konfransın təşkilati dəstəyini həyata keçirirdi.
“Day of AI” Konfransı Azərbaycanda AI savadlılığının inkişafı, təhsil və texnologiya sahələrinin inteqrasiyası, eləcə də gələcək yönümlü təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.



