Azərbaycanın iqlim savadlılığı təşəbbüsü dünya üzrə islahatlara təkan verir

26 Noyabr, 2025 - 16:14
Azərbaycanın iqlim savadlılığı təşəbbüsü dünya üzrə islahatlara təkan verir
Azərbaycanın iqlim savadlılığı təşəbbüsü dünya üzrə islahatlara təkan verir
Azərbaycanın iqlim savadlılığı təşəbbüsü dünya üzrə islahatlara təkan verir

Azərbaycan tarixi bir addım ataraq beynəlxalq təhsil siyasətini yenidən formalaşdırmağa və iqlim savadlılığını gələcək nəsillərin qarşıdakı çağırışlara hazırlanmasının əsas komponentinə çevirməyə müvəffəq olub. Cəsarətli bir milli vizyon kimi başlanan təşəbbüs bu gün qlobal bir hərəkat halını alır: iqlim savadlılığının PISA-ya (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) inteqrasiyası; onun milli kurikulumlara daxil edilməsi; milyonlarla şagirdin bilik, bacarıq və fəaliyyət imkanları ilə gücləndirilməsi.
COP29-da başlayan bu təşəbbüs COP30-adək ilkin nəticələrini göstərməyə başladı. 

Bakıda keçirilən COP29 zamanı qlobal liderlər mühüm bir irəliləyişə şahid oldular: Azərbaycan və İƏİT dünyanın ən nüfuzlu təhsil qiymətləndirmə sistemi olan PISA-ya iqlim savadlılığının daxil edilməsi üçün birgə təşəbbüs təqdim etdilər. Bu əməkdaşlıq ölkələrin iqlim təhsilinə yanaşma tərzini dəyişdirən genişmiqyaslı transformasiyanı başlatdı, kurikulum prioritetlərinin yenilənməsinə impuls verdi, müəllim hazırlığının yeni modellərinə ilham mənbəyi oldu və təhsil sistemlərini iqlimə davamlı gələcək qurmağa hazırlamağa başladı. 

COP30 Belem şəhərində işə başladığı vaxta qədər Azərbaycan artıq bu təşəbbüsün ilk nəticələrini təqdim edə bildi. Ötən bir il ərzində PISA İqlim Savadlılığı Çərçivəsi hazırlandı, eləcə də həm Azərbaycan, həm də Braziliyada iqlim savadlılığı ilə bağlı pilot qiymətləndirmə keçirildi. 

Bu, qlobal təhsil siyasəti üçün niyə önəmlidir?

İqlim savadlılığının PISA-ya daxil edilməsi qlobal təhsil sistemləri üçün dərin təsirlərə malikdir. PISA milli islahatların əsas hərəkətverici qüvvələrindən biridir və iqlim savadlılığı onun qiymətləndirmə çərçivəsinin bir hissəsinə çevrildikdə ölkələr təbii olaraq siyasətlərini bu yeni prioritetə uyğunlaşdırmağa başlayacaqlar. Hökumətlər iqlim mövzularını, sistemli düşünmə bacarıqlarını və fəaliyyət yönümlü yanaşmaları yalnız təbiət elmlərində deyil, həm də riyaziyyat, oxu bacarığı, media savadlılığı və hətta süni intellekt savadlılığı sahələrində milli kurikulumlarına inteqrasiya edəcəklər. Bu dəyişiklik şagirdlərin iqlim sistemlərini başa düşməsi, məlumatı tənqidi şəkildə qiymətləndirməsi və iqlim fəaliyyətində mənalı şəkildə iştirak edə bilməsi ilə bağlı yeni müzakirələrə təkan verəcək. Beynəlxalq göstəricinin formalaşması ilə təhsil nazirlikləri siyasət strategiyalarını müəyyənləşdirə, nəticə boşluqlarını aşkar edə və şagirdləri dayanıqlı gələcəyə hazırlayan islahatlar apara biləcəklər.

Resurslar, təlim və sistemli dəstək

Təşəbbüs təkcə qiymətləndirmə ilə məhdudlaşmır. Qiymətləndirmə alətinin hazırlanması ilə paralel olaraq Azərbaycan və İƏİT müəllimlərin iqlim savadlılığını tədrisə inteqrasiya etməsinə dəstək olacaq hərtərəfli resursların yaradılmasını hədəfləyir. 

Açıq mənbə materiallarından ibarət yeni resurs bazası — dərs planlarından və multimedia məzmunundan tutmuş tapşırıq modellərinə və formativ qiymətləndirmə alətlərinə qədər — İƏİT-in “PILA” platforması vasitəsilə hazırlanır. Bu resurslar müəllimlərin iqlimlə bağlı mövzuları əminliklə tədris etməsini və məktəblərin iqlim mövzularını müxtəlif fənlərə sistemli şəkildə daxil etməsini təmin edəcək. Yeni müəllim hazırlığı yanaşmaları və beynəlxalq əməkdaşlıq mexanizmləri ilə birgə bu təşəbbüs uzunmüddətli, dayanıqlı dəyişiklik üçün möhkəm təməl yaradır və şagirdlərin, müəllimlərin və məktəblərin dəyişən dünyanın tələblərinə hazır olmasını təmin edir. Cəmi bir il ərzində — Bakıda keçirilən COP29-dan Belem şəhərindəki COP30-a qədər — Azərbaycan və İƏİT tərəfindən başlanan təşəbbüs ambisiyalı bir ideyadan konkret qlobal nailiyyətə çevrilib. 

Xüsusi diqqət çəkən məqam odur ki, bu irəliləyiş yalnız bəyanatlar səviyyəsində qalmayıb. Əksinə, real və ölçülə bilən nəticələr əldə olunub: tam bir İqlim Savadlılığı Çərçivəsi hazırlanıb, iki ölkədə pilot layihələr keçirilib, resurslar və alətlər formalaşmağa başlayıb və, ən əhəmiyyətlisi, təklif İƏİT İdarə Heyətinin Daşkənddə keçirilən iclasında rəsmi olaraq qəbul edilib. Bu qərar göstərir ki, iqlim savadlılığı artıq İƏİT 2029-un ayrılmaz hissəsinə çevrilib və dünyanın müxtəlif ölkələri kurikulumlarını, müəllim hazırlığı proqramlarını və siyasət prioritetlərini uyğunlaşdırmağa başlayıblar. 

Bu irəliləyişin sürəti, dərinliyi və təsiri göstərir ki, təşəbbüs real və həyata keçirilə biləndir. Həmçinin, bu, beynəlxalq əməkdaşlığın iqlim ambisiyasını təhsil transformasiyasına necə çevirə biləcəyinə güclü nümunədir.