Françesko Bankini: IB məktəblərinin sayı artır
“Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyası artıq beş ildir ki, fəaliyyət göstərir və həm müəllim, həm şagird, həm də məktəblər üçün geniş əməkdaşlıq imkanları yaradır”.
Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında assosiasiyanın rəhbəri, Avropa-Azərbaycan Məktəbinin direktoru Françesko Bankini bildirib.
Onun sözlərinə görə, IB məktəblərinin sayı getdikcə artır. Assosiasiya fəaliyyətə başlayarkən cəmi üç məktəb onun üzvü olub:
“Hazırda assosiasiyamıza altı ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkiyə üzvdür”, – deyə o qeyd edib.
Bankini bildirib ki, hər il müxtəlif ölkələr üzrə müəllimlər üçün təlimlər təşkil olunur. IB-in PYP, MYP, DP və CP proqramları üzrə il ərzində təxminən 170–175 onlayn peşəkar inkişaf təlimi təqdim edilir. Bununla yanaşı, müxtəlif ölkələrdədə təlimlər keçirilir. İlk təlimlər Azərbaycanda, daha sonra isə Özbəkistanda təşkil olunub. Növbəti mərhələdə Gürcüstan, Qazaxıstan və Tacikistanda təlimlərin keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, hər il müəllim və təhsil rəhbərlərini bir araya gətirən əsas beynəlxalq konfrans keçirilir.
“Bu ilin 1–3 may tarixlərində illik konfrans Gürcüstanda təşkil olunacaq”, – deyə o vurğulayıb.
Bankini əlavə edib ki, liderlik sahəsinə fokuslanan xüsusi proqram çərçivəsində bu ilin dekabr ayında Avropa-Azərbaycan Məktəbində “İkinci liderlik konfransı” keçiriləcək. Tədbir həm yerli, həm də beynəlxalq məktəb rəhbərləri və gələcək liderlər üçün nəzərdə tutulub.


