Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

24 Noyabr, 2025 - 11:57
Təhsil İdarəsi Sumqayıt məktəbində baş verən hadisə ilə bağlı məlumat yaydı

Sosial şəbəkələrdə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 24 noyabr tarixində məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Açıqlamada qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Sağlam psixoloji mühitin bərpası, şagirdlər arasında qarşılıqlı hörmətin gücləndirilməsi və stresin düzgün idarə olunması ilə bağlı həm şagirdlərlə, həm də pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması məktəb rəhbərliyinə tapşırılıb.

Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmaları, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edilir.