Sumqayıt məktəblisi nüfuzlu universitetə qəbul oldu
Sumqayıt şəhəri 23 nömrəli Texniki fənlər təmayüllü liseyin 11A sinif şagirdi Tuncay Əmiraslanlı dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Böyük Britaniyanın Mançester Universitetinin Aerokosmik mühəndislik fakültəsinə qəbul olub.
Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu nailiyyət Tuncayın son 5 ildə qazandığı ardıcıl uğurların məntiqi nəticəsidir.
Tuncay Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 7-ci sinfində oxuyarkən Respublika Fənn Müsabiqəsində (RFM) fizika-məntiq fənni üzrə qızıl medal qazanıb. 8-ci sinifdə Respublika Fənn Olimpiadasında (RFO) fizika fənni üzrə qızıl medal (birincilər birincisi) əldə edib.
9-cu sinifdə həm RFO, həm də Respublika Astronomiya Olimpiadasında qızıl medala layiq görülüb, eyni zamanda buraxılış imtahanında maksimum — 300 bal toplayıb.
10-cu sinifdə RFO fizika fənni üzrə bürünc medal, Respublika Astronomiya Olimpiadasından isə qızıl medal qazanıb.
Hazırda liseyin 11A sinfində təhsil alan Tuncay bu il də uğurlarını davam etdirərək RFO fizika fənni üzrə II yer — gümüş medal əldə edib, həmçinin buraxılış imtahanında 275,6 bal toplayıb.



