“I  sinifdən yaxşı oxumuşam”  - Ölkə birinciləri

23 Aprel, 2026 - 20:05
“I  sinifdən yaxşı oxumuşam” 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən iki ümumtəhsil məktəbinin şagirdləri maksimum nəticə göstərərək böyük uğura imza atıblar. Belə ki, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Samir Tağızadə və Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Əli Əsgərov maksimum 300 bal nəticə göstərib.

"Azərbaycan müəllimi" uğurlu məktəblilərlə həmsöhbət olub.

 "Zamanı idarə etməyi bacarmaq lazımdır" 

Samir Tağızadə bildirir ki, 300 bal toplayacağını gözləyirdi, çünki imtahandan sonra cavablarını yoxlayıb və səhv tapmayıb. Samir IX sinifdə keçirilən buraxılış imtahanında da 294 bal toplayaraq yüksək nəticə göstərib: "Mən səkkizinci sinifdə fizika fənni üzrə RFO-da iştirak etmişəm və bürünc medal qazanmışam. Eyni zamanda keçən il X sinifdə "Əlaçı" verilişinin qalibi olmuşam".

Nümunəvi şagird yüksək bal toplamasının səbəbini belə izah edir: "Şagird öz üzərində çox çalışmalıdır. Lakin bu o demək deyil ki, hər şeydən imtina etsin. Gərək oxumağı da, istirahəti, əyləncəni də yerli-yerində etsin, vaxtı düzgün bölə bilsin. Ən çox da imtahanda vaxt bizdən çox şey tələb edir. Bir sözlə, zamanı idarə etməyi bacarmaq lazımdır".

Samirin ən sevdiyi fənlər təbiət fənləridir, biologiya, fizikanı sevir. Bununla belə boş vaxtlarında bədii ədəbiyyat oxuyur, dünya klassiklərin əsərlərinə müraciət edir.

"Mən dördüncü ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Daha sonra təhsilimi xaricdə davam edib cərrahiyyə sahəsi üzrə həkim işləmək istərdim".

 "Həmişə yaxşı oxuduğum üçün bünövrəm yaxşı olub"

 Əli Əsgərov bildirir ki, birinci sinifdən yaxşı oxuyub. IX sinif buraxılış imtahanında yüksək nəticə göstərərək 270 bal toplayıb:

"Mən həmişə yaxşı oxuduğum üçün bünövrəm yaxşı olub. İmtahana hazırlaşarkən əsasən test toplularından istifadə edirdim. Bilmədiyim sualların izahlarına baxırdım, araşdırırdım. RFO-da fizika və riyaziyyat fənləri üzrə iştirak edərək final mərhələsinə qədər çatmışam. Bu, mənim sevdiyim fənlərdir. Həmçinin rəsm çəkməyi, kitab oxumağı xoşlayıram".

Əli birinci ixtisas qrupu üzrə hazırlaşır və Bakı Ali Neft Məktəbinin "İnformasiya təhlükəsizliyi" ixtisasında təhsil almağı arzu edir. "Gələcəkdə Almaniyada təhsilimi davam etdirmək,  arzuladığım sahə üzrə peşəkar mütəxəssis olmaq arzusundayam".