"Kainatı anlamaq məni fizikaya bağladı" - Adını tarixə yazdıran Zeynəb
Məlumat verdiyimiz kimi, Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin XI sinif məzunu Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medal qazanıb. Bununla da o, Beynəlxalq Fizika Olimpiadasında gümüş medal qazanan ilk azərbaycanlı şagird kimi adını tarixə yazdırıb.
Son 20 ilin ən yüksək göstəricisinə imza atan istedadlı gənc təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb.
"Gündəlik həyatda baş verən hadisələrin səbəbini bilmək mənim üçün olduqca maraqlıdır"
2009-cu ildə Sumqayıt şəhərində anadan olan Zeynəb Məhəmmədli bu il Texniki və təbiət elmləri liseyinin məzunu olub. İbtidai siniflərdən dərslərini əla qiymətlərlə oxuyan Zeynəb təbiət elmlərinə xüsusi maraq göstərib. Qeyd edir ki, riyaziyyat fənninə də marağı böyükdür. Həmçinin bədii kitab oxumağı çox sevir:
"Məktəbdə bizə ilk tədris olunduğu andan fizika fənninindən çox xoşum gəlib. Kainatı modelləşdirmək və gündəlik həyatda baş verən hadisələrin səbəbini, açıqlamasını bilmək mənim üçün olduqca maraqlıdır, bu məni fizikaya bağladı. Bu mövzuda ən çox həm valideynlərim, həm də məktəbim, müəllimlərim məni dəstəkləyib. Bunun üçün onlara təşəkkür edirəm. Uğurlarımla onları qürurlandığım üçün çox xoşbəxtəm".
Zeynəb elmi nailiyyətləri ilə seçilən ən istedadlı şagirdlərdən olub. O, 2023-cü ildə Respublika fənn olimpiadasında fizika üzrə gümüş medal, 2024 və 2025-ci illərdə isə qızıl medallar qazanıb. Bundan əlavə, 2025-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPhO), Səudiyyə Ərəbistanında keçirilən Asiya Fizika Olimpiadasında (APhO) həvəsləndirici mükafata layiq görülüb, 2026-cı ildə Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında bürünc medal qazanıb, 2026-cı il Respublika fənn olimpiadalarında isə gümüş medal əldə edib.
Buraxılış imtahanında 265 bal toplayan Zeynəb Məhəmmədli ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Davidson Kolleci tərəfindən tam təqaüdlə qəbul təklifi alıb. Bu səbəbdən o, blok imtahanında iştirak etməyib: "İxtisas seçimim hələ dəqiq deyil, amma fizika və riyaziyyatla bağlı bir sahədə çalışmaq istəyirəm. Uğur qazanmaq istəyən şagirdlərə demək istərdim ki, üzərində işləyəcəyiniz sahəni seçərkən ən çox həvəs göstərdiyiniz istiqamətə önəm verin".




