Fəaliyyəti müvəqqəti dayandırılan məktəbin şagirdləri hansı məktəbə köçürüldülər?

1 Aprel, 2026 - 16:38
Fəaliyyəti müvəqqəti dayandırılan məktəbin şagirdləri hansı məktəbə köçürüldülər?

Fəaliyyəti müvəqqəti dayandırılan Abşeron rayonu Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində təhsil alan şagirdlər eyniadlı qəsəbənin yaxınlıqda yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbinə köçürülüb. 

Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, digər siniflərin də köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Xatırladaq ki, adıçəkilən məktəbin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.