Sumqayıt məktəblisi: "Dron düzəltməyi özüm öyrənmişəm"

3 İyun, 2026 - 16:56
Sumqayıt məktəblisi:

Kreativ düşüncəyə malik yaradıcı gənclərimizi yeni nailiyyətlərə həvəsləndirmək məqsədilə "Azərbaycan müəllimi" onların uğurlarını işıqlandırmağa davam edir. Budəfəki həmsöhbətimiz Abşeron-Xızı RTİ-nin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin şagirdi Ramal Məmmədovdur. Məktəbin pilot layihəsində oxuyan X sinif şagirdi elektronikaya maraq göstərir, uzaqdan idarə olunan qurğular düzəldir.

"Real uğur sadəcə xəyal quranların deyil"

Ramal Məmmədov 2009-cu ildə Sumqayıt şəhərində anadan olub. O, hələ uşaq ikən həmişə nə isə düzəltmək, yaratmaq arsusunda olduğunu, valideynləri tərəfindən düşüncə qabiliyyətini inkişaf etdirən müxtəlif növ məntiqi oyunlara cəlb edildiyini deyir: "Hər şey ətrafımdakı dünyanı sadəcə seyr etməkdən bezib, onun arxasındakı gizli riyazi və fiziki qanunauyğunluqları anlamaq istəyimlə başladı. Bu işləri evdə atam və anamın dəstəyi ilə öyrənmişəm, həmişə bu mövzuda mənə dəstək olublar". 

Ramal qeyd edir ki, bütün dərslərini yaxşı oxuyur, bununla belə riyaziyyat fənnini daha üstün tutur, texniki fənlərə maraq göstərir. Elektronika sahəsinə göstərdiyi marağa, mühəndislik qabiliyyətlərinə baxmayaraq, o, bu günə qədər müsabiqələrdə iştirak etməyib: "Sinif rəhbərim və eyni zamanda fizika müəllimim Süsən Rüstəmova və riyaziyyat müəllimim Vəfa Cəfərovanın sayəsində bu fənlərə olan marağım daha da böyüyür, biliklərim artır. Onlar məni maraqlandıran suallar ətrafında hər zaman mənə dəstək olurlar. Gələcək hədəf olaraq gələn il FPV (First Person View Drone) yarışlarında iştirak etmək,  qrupla “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında, "Sabahın alimləri" kimi müsabiqələrdə gücümü sınamağı düşünürəm".

Dron düzəltməsi barədə məlumat verən istedadlı məktəbli qeyd edir ki, heç bir əlavə kurslara getmədən, STEAM dərsləri keçmədən bu işlə məşğul olmağa başlayıb: "Öncə araşdırıb öyrəndim, daha sonra detalları seçərək uyğun dronu hazırladım. İstifadə etdiyim mənbələrdən bəziləri bunlardır: "Joshua Bardwell", "OscarLiang", "Chris Rosser", "Mads Tech" və s.".

Onu da qeyd edək ki, Ramal ingilis dilini yüksək  səviyyədə bilir və araşdırmalarında bu dildə  mənbələrdən istifadə edir: "İngilis dilini 12 yaşımdan,  4-cü sinifdə oxuyarkən atam mənə öyrədib. Baxmayaraq ki, o özü ingilis dilində yaxşı bilmir, mənə rusdilli mənbələrdən tərcümə edərək evdə dərslər keçib və ingilis dilində seriallar, filmlər izlədib".

Söhbət əsnasında yeniyetmə məktəbli "İnformasiya təhlükəsizliyi" ixtisasını seçməyi düşündüyünü, Bakı Ali Neft Məktəbinə qəbul olmağı hədəflədiyini diqqətə çatdırır, gələcəkdə bu sahə üzrə faydalı işlər görərək Vətənimizi dünyada tanıtmaq arzusunda olduğunu dilə gətirir. 

Ramal Məmmədov boş vaxtlarında balıq tutmaq, üzgüçülük, video oyunlar oynamaq kimi digər  hobbilərlə məşğul olur. Həmyaşıdlarına isə üz tutaraq bildirir: "Qarşınıza heç vaxt kiçik hədəflər qoymayın, öz potensialınızı xərcləməyin. Riyaziyyatı öyrənin və işin məntiqini yaxşı tutun, çünki hər şeyin təməli oradan başlayır. İndiki dövrdə internetin sayəsində istənilən sahəni sıfırdan öyrənmək mümkündür, ona görə də "bəhanələrə" yer yoxdur. Real uğur sadəcə xəyal quranların deyil, digərləri çətini görüb qaçanda işin içinə girib o sistemi quranların və sonuna qədər gedənlərin olur".

Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin fizika müəllimi, Ramal Məmmədovun oxuduğu X b sinfinin sinif rəhbəri Süsən Rüstəmova qeyd edir ki, məktəbdə 2024-2025-ci tədris ilindən "Tam orta məktəb" layihəsi tətbiq olunur. Məktəbdə ancaq X, XI siniflər təhsil alır və başqa siniflər yoxdur: "Bu məktəbdə yalnız Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 150 və daha yuxarı bal toplamış X və XI sinif şagirdləri təhsil alır.

Şagirdlərə yalnız seçdikləri ixtisas qrupuna uyğun fənlər tədris olunur. Məktəbdə şagirdlər əlavə hazırlıq olmadan imtahana tam hazırlıq imkanı qazanırlar.

Şagirdlərimizin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və nailiyyət izləmə mexanizmi ilə daim izlənilir. Ramal Məmmədov da savadı, tərbiyəsi, yüksək nəticələri ilə seçilən şagirdlərimizdəndir. Onun texnikaya olan marağı IX sinfi bitirərək yay aylarında dron hazırlamaqla nəticələnib. Sevindirici haldır ki, o bu uğura heç bir əlavə kursa getmədən, sırf öz araşdırması hesabına nail  olub. Ramal elektronika, proqramlaşdırma, mühəndislik bacarıqlarından istifadə edərək qurğular hazırlayır.  Əminəm ki, onun texnologiyalara olan marağı böyük nailiyyətlərə gətirib çıxaracaq".

Sumqayıt məktəblisi:
Sumqayıt məktəblisi: