Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi - SDU-dan REPORTAJ

22 May, 2026 - 10:31
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi

Sumqayıt Dövlət Universitetinin həyəti ötən gün çox qələbəlik, gəlişli-gedişli oldu. Səbəb ali məktəbin məzunları və sonuncu kurs tələbələri üçün təşkil edilən "Karyera körpüsü: Diplomdan peşəkarlığa ilk addım” adlı genişmiqyaslı karyera sərgisi idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında dövlət qurumları, agentliklər, aparıcı şirkətlər, müəssisələr və banklar iştirak edərək tələbə və məzunlara real iş və təcrübə imkanları təqdim edirdilər.

Yarmarkanın açılışında çıxış edən SDU-nun rektoru professor Nurəli Yusifbəyli bildirib ki, bu platforma tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri real iqtisadi mühitdə tətbiq etmələri və peşəkar fəaliyyətə ilk addımlarını atmaları baxımından mühüm imkan yaradır. Onun sözlərinə görə, Sumqayıt şəhərinin də daxil olduğu Xızı-Abşeron iqtisadi rayonu qeyri-neft sənayesinin əhəmiyyətli hissəsini formalaşdırmaqla yanaşı, geniş əmək bazarı və sənaye imkanları ilə də seçilir. Bu baxımdan belə platformaların məhz Sumqayıtda təşkili xüsusi aktuallıq kəsb edir. Professor Nurəli Yusifbəyli universitet–dövlət–biznes əməkdaşlığının ölkənin davamlı sosial-iqtisadi inkişafının əsas sütunlarından biri olduğunu qeyd edərək bildirib ki, keçirilən karyera sərgisi də bu əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verir. 

60-dan çox şirkətin vakansiya və təcrübə proqramları təqdim olunub

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında vurğulayıb ki, əmək yarmarkaları və digər aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxslərin, xüsusilə də gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. O, qeyd edib ki, bu kimi təşəbbüslər gənclərin ixtisaslarına uyğun vakansiyalara çıxış imkanlarını genişləndirir, işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının operativ şəkildə qarşılanmasına şərait yaradır. Agentlik sədri diqqətə çatdırıb ki, Dövlət Məşğulluq Agentliyi ali təhsil müəssisələri, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq çərçivəsində tələbə və məzunların məşğulluq imkanlarının artırılması, onların əmək bazarına keçidinin asanlaşdırılması məqsədilə müxtəlif layihə və təşəbbüslər icra olunur.

Tədbir çərçivəsində 60-dan çox şirkət və qurum tərəfindən müxtəlif vakansiyalar və təcrübə proqramları təqdim olunub. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Qeyd edək ki, yarmarkada agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib. Sərgiyə qatılan şəxslər agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.

“Vakansiyalar sırf ali təhsilli şəxslər üçündür”

SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev "Azərbaycan müəllimi"nə müsahibəsində bildirib ki, karyera sərgisinin məqsədi universiteti bitirən məzunların, eyni zamanda sonuncu kursda təhsil alan tələbələrin işlə təmin olunmasına dəstək göstərməkdir: "Sərgidə təqdim olunan vakansiyalar sırf ali təhsilli şəxslər üçün nəzərdə tutulub. Burada həm istehsalat, həm satış  sahəsinə aid olan müəssisələr, eyni zamanda tədris mərkəzləri təmsil olunur. Həmin tədris mərkəzləri bizim tələbələr və məzunlarımızın övladları üçün xüsusi endirimlər, eyni zamanda müəllim təcrübə proqramları təklif edirlər. Bildiyiniz kimi SDU-da həm pedaqoji, həm də mühəndislik ixtisasları üzrə məzunlar olur. Pedaqoji ixtisasları bitirən məzunlarımızın MİQ imtahanlarına hazırlığı, işləyib təcrübə qazanması üçün ilkin mərhələdə bizə kurslar, liseylər dəstək olurlar. Sərginin mahiyyətini daha da dərinləşdirmək üçün xüsusi qeydiyyat yaratdıq ki, sonradan məzun və tələbələrimizin nə qədərinin işlə təmin olunmasını, və ya nə səbəbə vakansiyalara uyğun gəlmədiklərini araşdıraq. Bu, universitetimiz tərəfindən təşkil edilən üçüncü karyera sərgisi olsa da, bu il ilk dəfə olaraq vakansiyalar təqdim olunur. Ümid edirik ki, nəticələr gözlədiyimiz kimi olar və gələcəkdə şirkətlər daha çox vakansiya və təcrübə proqramları təklif edər, daha çox məzunumuz işlə təmin olunar".

Məzunlar əmək yarmarkasına iş imkanı, şirkətlər isə tanınmaq fürsəti kimi baxır 

Açıq havada təşkil olunan karyera sərgisində təqdim olunan şirkətlərin stendlərinə yaxınlaşıb vakansiyalarla tanış olduq, işəgötürənlərlə söhbət etdik.

Gülər Sabuncu "SOCAR downstream" şirkətinin işə qəbul komandasının üzvüdür. Bildirir ki, şirkət olaraq karyera sərgisinə qatılmaqda məqsəd SDU ilə sıx əlaqə qurmaq, eləcə də gənclərin istehsalat sahələrində iş və təcrübə ilə təmin olunmasıdır: "Bugünkü sərgidə iştirak edərək təcrübə proqramları ilə bağlı SDU-nun Karyera Mərkəzi ilə sıx əlaqə qurmağı, eyni zamanda gənclər arasında "downstream" brendinin tanıdılmasını hədəfləyirik. Karyera sərgisinin keçirilməsi Azərbaycanın əmək bazarında mövcud olan şirkətlərlə məzunların tanış edilməsinə, şirkətlərlə universitetlər arasında əməkdaşlığın yaranmasına xidmət edir. Biz təşviq edirik ki, gənclər belə sərgilərdə fəal iştirak etsinlər, onlara təqdim olunan şanslardan yararlansınlar. "SOCAR downstream"in "SOCAR"ın baş ofisi ilə əməkdaşlıq etdiyi layihə var - "Gənc istedadlar" proqramı. Layihə çərçivəsində şirkətə üz tutan və proqramı, müsahibəni uğurla keçən məzunları mövcud vakansiyalar üzrə işlə təmin edirik. Şirkətimiz gənclərlə əməkdaşlığa maraqlıdır və bizim kifayət qədər yeni məzun olan mütəxəssislərimiz var. Bizdə əsas istiqamət emal sənayesi olduğu üçün daha çox kimya mühəndisliyi, eyni zamanda elektrik, mexanika mühəndisi və s. texniki ixtisaslar üzrə məzun olmuş gənclərin işlə təmin olunmasını nəzərdə tuturuq. Tələbələrin öz üzərlərində çalışaraq, əmək bazarında araşdırma edərək lazımi texnoloji biliklərə, dil bacarıqlarına yiyələnməsi vacibdir. Şirkətlər tək Azərbaycan bazarı ilə deyil, beynəlxalq qurumlarla tərəfdaşlıq etdiyi üçün bu bacarıqlar vacib və əsasdır".

Amaliya Budaqova "Veysəloğlu" MMC-nin İnsan resursları şöbəsinin  əməkdaşıdır. Diqqətə çatdırır ki, SƏTƏM mütəxəssisi, analitik hesabatlar üzrə mütəxəssis, tədarükçülərin dəyərləndirilməsi mütəxəssisi, kateqoriya menecerləri axtarışındadırlar: "Hazırda iş axtaran tələbələrin aktivliyi müşahidə olunur. Hesab edirəm ki, onların 10-20 faizi işlə təmin oluna bilər. Mən öz şirkətimiz adından deyə bilərəm ki, sərgilərdən işə qəbul etdiyimiz əməkdaşlar olub. Öncə CV götürürük, sonra müsahibəyə dəvət edirik və bəyəndiyimiz namizədləri dəyərləndiririk". 

Vüsal Heybətov "Hədəf" kurslarının icraçı müavinidir və əmək yarmarkasında bir neçə vakansıyalarla təmsil olunduqlarını bildirir: "Əmək yarmarkasının universitetin həyətində təşkil edilməsində məqsəd daha tez gənc kadrları işə cəlb etmək, əmək bazarına yeni atılacaq tələbələrin iş imkanlarını əlçatan etməkdir". 

Radji Güləmirov əmək yarmarkasında "Lider" tədris mərkəzini təmsil edir. Mərkəzin koordinatoru bildirir ki, o özü də SDU-nun məzunudur və biologiya, informatika, fizika müəllimliyi üzrə sərgidə vakansiyalar təqdim ediblər: "Biz məzun və tələbələrə təcrübə proqramları təklif edirik. Daha sonra gənclər imtahan verərək mərkəzimizdə müəllim kimi fəaliyyətə başlayırlar. Həmçinin tələbələrə imtahanlarımızda nəzarətçi  kimi çalışmağı təklif edirik. Gənclər rəsmi müqavilələrlə işə götürülür". 

İşaxtaran: "Şərtləri sadələşdirsələr, daha yaxşı olar"

Sərgi stendlərinə baxış keçirən, vakansiyalarla maraqlanan gənclərə yaxınlaşıb fikirlərini öyrəndik. 

Aydan Rəhimli SDU-nun Təbiət elmləri fakültəsinin  4-cü kurs tələbəsidir. "Kimya müəllimliyi" ixtisasında təhsil alan tələbə bu cür sərgilərin keçirimləsinə şad olduğunu söyləyir: "Biz bu sərgidə özümüzə yeni iş imkanları, şirkət və vakansiyalarla yanaşı faydalı fürsətlər kəşf etmiş oluruq. Məsələn, bizə ödənişsiz "Master N1" tələbələr üçün kitablar payladılar, bu da magistraturaya hazırlaşanlar üçün çox əhəmiyyətlidir. Mən ixtisasıma uyğun olaraq tədris mərkəzlərinin təklif etdiyi müəllimlik vakansiyalarına baxıram. Düşünürəm ki, hamısı olmasa da, bəzi vakansiyalar üzrə işlə təmin olunan məzunlar olacaq".

Pəri Talıblı "Riyaziyyat müəllimliyi" ixtisası üzrə 4-cü kursda təhsil alır. Bildirir ki, hazırda pedaqoji təcrübə keçir və ixtisasına uyğun vakansiyalarla tanış olmaq üçün sərgiyə üz tutub: "Karyera sərgisinin bizə faydası çoxdur, sadəcə müəssisələrin məzunların qarşısına qoyduğu bir çox öhdəliklər var. Düşünün ki, MİQ imtahanında tələb olunanlar təhsil mərkəzləri, kurslar tərəfindən də tələb edilir. Məncə, şərtləri sadələşdirsələr, daha yaxşı olar. Biz hazırda 4-cü kurs tələbəsi olduğumuz üçün MİQ imtahanlarına hazırlaşmağa vaxtımız məhduddur. Yaxşı hazırlaşmaq üçün 1 il vaxt lazımdır, vakansiya yeri çox azdır, işləmək üçün bölgələrə getməliyik. Bu səbəbdən də kurslarda işə düzəlib işləyərək həm öyrənə, imtahana hazırlaşa, iş təcrübəsi toplaya bilərik. Kurslar isə bizim qarşımıza imtahan, müsahibə kimi şərtlər qoyur".

“Tanınmış müəllimlərindən biri olmağı arzulayıram”

Tural Ələddinov "Fizika müəllimliyi" ixtisası üzrə 4-cü kursda oxuyur. Karyerasını müəllim olaraq qurmağı düşünən gənc öncə tədris kurslarında çalışmağı planlaşdırır: "Mən ixtisasım üzrə öz üzərimdə çalışmaq, bacarıqlarımı artıraraq ölkəmizin tanınmış müəllimlərindən biri olmağı arzulayıram. Birinci dəfədir ki, karyera sərgisinə qatılıram və mənə uyğun vakansiya seçəcəyimə ümid edirəm.  Məncə bu sərgi gənclərin iş tapması üçün çox yaxşı fürsətdir. Biz iş tapmaq məqsədilə şirkətlərə üz tutmuruq, bir çox şirkət burada bizə vakansiyalarını sərgiləyir və bu fürsəti dəyərləndirməliyik".

Yarmarka çərçivəsində qonaqlar və iştirakçılar şirkətlərin sərgi stendlərinə baxış keçiridilər, şirkət nümayəndələri tərəfindən təqdim olunan vakansiyalar, təcrübə proqramları və karyera imkanları ilə yaxından tanış oldular. Şirkət nümayəndələri tələbə və məzunlara əmək bazarının aktual tələbləri, işə qəbul prosesləri və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verdi. Sərgi iştirakçıları müxtəlif sahələr üzrə təqdim edilən iş və təcrübə imkanları ilə maraqlanıb, şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq gələcək karyera perspektivləri barədə fikir mübadiləsi apardılar.

Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi
Vakansiyalar ayağına gəldi, gənclər seçim etdi