“Vaxtı düzgün dəyərləndirmək gərəkdir" -  300 bal toplayan Abşeron məktəblisi

13 May, 2026 - 10:53
“Vaxtı düzgün dəyərləndirmək gərəkdir" -  300 bal toplayan Abşeron məktəblisi

12 aprel 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Novruzlu Südabə Ramin qızı maksimum nəticə göstərərək 300 bal toplayıb. Bu yüksək nəticə şagirdin zəhmətinin, məqsədyönlü hazırlığının və müəllim dəstəyinin bariz göstəricisidir.

Südabə Novruzlu sevincini "Azərbaycan müəllimi" ilə bölüşüb.

Ölkə birincisi bildirir ki, maksimum bal toplamağı özünə hədəf qoyub və məqsədi uğrunda çox çalışıb: "Birinci sinifdən əlaçıyam və dərslərimə xüsusi diqqətlə, məsuliyyətlə yanaşıram. İmtahana hazırlıq zamanı və elə imtahan verərkən vaxtı düzgün bölmək, dəyərləndirmək gərəkdir".

Uğurlu şagird qeyd edir ki, hər bir vəsaitin faydalı tərəflərini görüb yararlanmaq lazımdır: "Telefon gündəlik istifadə etmək üçün vasitədir və hamıya lazım olur. Sadəcə telefondan faydalı istifadə etməliyik. Mən bir çox dərslərimi telefonla PDF üzərindən işləyirdim. Əgər insan qarşısına yüksək hədəflər qoyursa, öz üzərində daha çox çalışmalıdır".
 
Südabə riyaziyyat fənnini çox sevir və bu fənn üzrə RFO-ya qatılaraq final mərhələsinə qədər yüksəlib. Eyni zamanda digər fənlərlə də xüsusi diqqətlə məşğul olub.  

"Mən dördüncü ixtisas qrupu üzrə hazırlaşıram və Azərbaycan Tibb Universitetinə qəbul olmağı arzulayıram. Daha sonra isə təsilimi xaricdə davam etdirmək istəyirəm".  

Məktəbli uğurunun arxasında onun hər zaman yanında olan valideynlərinin və müəllimlərinin dayandığını vurğulayır: "Valideynlərim, məktəbim, müəllimlərim mənə çox inanır və yüksək nəticə gözləyirdilər. İlboyu mənə çox dəstək göstəriblər. Bu gün mən çox xoşbəxtəm ki, onları sevindirə bildim".