Kənan Kərimzadə: Növbəti dörd ildə tələbələrin 15–20%-i ingilisdilli proqramlardan məzun olacaq

24 Noyabr, 2025 - 15:27
Kənan Kərimzadə: Növbəti dörd ildə tələbələrin 15–20%-i ingilisdilli proqramlardan məzun olacaq

“Hazırda Azərbaycanda 22 mindən çox tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır və yalnız bu il həmin ixtisaslara qəbul 10 min nəfərə çatıb. Bu isə o deməkdir ki, ölkəmizdə ümumilikdə 240–250 min tələbə varsa, onların təxminən 15–20%-i növbəti dörd ildə ingilisdilli proqramlardan məzun olacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məktəblilərin ingilis dili öyrənməsini dəstəkləyən yeni rəqəmsal məzmunun təqdimatı mərasimində söyləyib.

O bildirib ki, məktəblərimizin təxminən 98–99%-də ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır: “Bugünkü dünyada ingilis dilinin strateji, iqtisadi və sosial əhəmiyyəti haqqında kifayət qədər danışılıb. Bu gün dünyada 1,5–2 milyard insan ingilis dilində danışır. Bu dil ölkə gəncləri, peşəkar təhsil mütəxəssisləri, iqtisadçılarımız, biznes nümayəndələrimiz üçün geniş dünyaya daha güclü körpü qurmağa imkan verən strateji vasitədir. Əlbəttə ki, bir çox ölkələr kimi Azərbaycan da ingilis dilini əsas xarici dil kimi ümumi təhsil müəssisələrində tədris edir və təxminən 98–99% məktəbimizdə ingilis dili əsas xarici dil kimi tədris olunmaqdadır.

Xatırlayıram ki, 10–15 il, hətta 20 il əvvəl bu sahədə böyük çətinliklər vardı. Azərbaycandan kənarda təhsil almaq istəyən gənclər yüksək potensiala malik olsalar belə, dil və kommunikasiya bacarıqları zəif olduğu üçün çox vaxt ölkə sərhədlərini aşa bilmirdilər. Bu gün isə sevindirici haldır ki, artıq bu tipli problemlər yoxdur”.

Nazir müavini qeyd edib ki, ingilis dili ilə bağlı keyfiyyət sahəsində irəliləyişlərimiz var, lakin bu, hələ kifayət deyil: “Qarşıdakı dövrdə əsas diqqət keyfiyyətin artırılmasına yönəlməlidir. Keyfiyyətdən danışanda bir neçə əsas istiqamət var.

Birinci istiqamət, şübhəsiz ki, müəllim hazırlığıdır. İkinci istiqamət təhsilin məzmunu və tədris materiallarıdır. Bu baxımdan bu gün burada təqdim olunan rəqəmsal, yeni standartlı platformalar böyük əhəmiyyət kəsb edir. Üçüncü istiqamət isə ölkələrarası mübadilələr, ali təhsildə ingilis dilli proqramların və ingilis dilində tədris olunan ixtisasların genişləndirilməsidir.

Qeyd etmək istərdim ki, son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər, videoresurslar, indi “Rəqəmsal məktəb” platforması hazırlanıb. Bu platformalarda ümumilikdə on minlərlə ingilis dilində məzmun yaradılıb. Vacib elementlərdən biri də dərsliklərimizin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Pandemiya dövründən — 2020-ci ildən etibarən biz xüsusilə Kembric Universiteti ilə əməkdaşlıq edərək dərsliklərimizi beynəlxalq formatlara uyğunlaşdırmağa başlamışıq.

Başqa bir vacib nüans müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır. Son iki ildə Elm və Təhsil Nazirliyi tərəfindən təxminən 10 400 xarici dil müəllimi sertifikatlaşdırmadan keçirilib və sevindirici haldır ki, bu müəllimlərin 86%-i imtahanlardan yüksək nəticə ilə uğurla keçiblər. Təxminən 40% müəllimin əməkhaqqı 35%, 45% müəllimin əməkhaqqı isə 10% artırılıb.