Azərbaycanın rəqs kollektivi Çində ali mükafat qazanıb

7 Aprel, 2026 - 15:41
Azərbaycanın rəqs kollektivi Çində ali mükafat qazanıb

18–26 mart 2026-cı il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XI Beynəlxalq “Qızıl Lotos” festival-müsabiqəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Milli rəqs” dərnəyinin üzvləri uğurla iştirak ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, kollektivin təqdim etdiyi “Azərbaycan inciləri” rəqsi müsabiqənin ən ali mükafatı olan “Grand Prix”ə layiq görülüb.

Bildirilib ki, solo çıxışlar üzrə də uğurlu nəticələr əldə olunub. Belə ki, Məmmədli Sinay “Turacı” rəqsi ilə, Nəciyeva Xədicə isə “Bulaq başında” rəqsi ilə I yerə layiq görülüblər.

Qeyd olunub ki, əldə edilən nəticələr mərkəzin tədris və yaradıcılıq fəaliyyətinin səmərəliliyini, dərnək üzvlərinin istedadını və pedaqoji heyətin peşəkarlığını bir daha təsdiq edir.

Festival çərçivəsində mərkəzin direktoru Lalə Qəti və dərnəyin rəhbəri, xoreoqraf Lalə İbrahimova beynəlxalq əməkdaşlığın inkişafına, milli rəqs ənənələrinin qorunmasına və yüksək pedaqoji fəaliyyətə görə təşkilat komitəsi tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

Səfər proqramı çərçivəsində iştirakçılar Pekin şəhərinin tarixi və mədəni məkanları ilə də tanış olublar. Onlar Səma Məbədi, Böyük Çin Səddi, Qadağan olunmuş şəhər, Tyananmen meydanı və Yay Sarayı kimi abidələri ziyarət ediblər.

Azərbaycanın rəqs kollektivi Çində ali mükafat qazanıb
Azərbaycanın rəqs kollektivi Çində ali mükafat qazanıb
Azərbaycanın rəqs kollektivi Çində ali mükafat qazanıb