Azərbaycanlı alimin elmi nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir

19 Oktyabr, 2026 - 11:06
Azərbaycanlı alimin elmi nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir

Azərbaycanlı alim, professor Abdulla Avey (Sofiyev) beynəlxalq elmi nüfuzunu növbəti dəfə təsdiqləyib. O, Stanford Universiteti və “Elsevier” nəşriyyatının birgə hazırladığı dünyanın ən nüfuzlu alimlərinin 2026-cı il üzrə yenilənmiş siyahısında yüksək göstəriciləri ilə seçilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, beynəlxalq elmi məlumat bazasının “Scopus” göstəriciləri əsasında formalaşdırılan reytinqin doqquzuncu versiyasına 243 min 960 alim daxil edilib. Siyahı dünyanın elmi təsir baxımından ön sıralarda yer alan tədqiqatçılarının fəaliyyətini əhatə edir.

Hazırda Türkiyənin İstanbul Ticarət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirən professor Abdulla Avey nəzəri və tətbiqi mexanika, riyazi modelləşdirmə, kompozit və nanokompozit materiallar, funksional qradiyentli konstruksiyalar, lövhə və qabıqların dayanıqlığı, eləcə də qeyri-xətti rəqslər sahəsində araşdırmaları ilə tanınır. 

 Qeyd edək ki, Stanford Universiteti  alimləri "Karyera təsiri" və "İllik təsir" kateqoriyaları üzrə qiymətləndirib. Abdulla Avey hər iki kateqoriya üzrə İstanbul Ticarət Universitetinin alimləri siyahısında birinci yerdədir.  

Alimin elmi əsərləri nüfuzlu beynəlxalq jurnallarda dərc olunub və müxtəlif ölkələrdən olan tədqiqatçıların işlərində istinad mənbəyinə çevrilib. Onun elmi fəaliyyəti yalnız beynəlxalq nəşrlərlə məhdudlaşmır. Professor Azərbaycan Memarlıq və İnşaat Universiteti və Odlar Yurdu Universiteti ilə də elmi əməkdaşlığını davam etdirir. Xarici alimlərlə birgə tədqiqatları və beynəlxalq elmi layihələrdə iştirakı Azərbaycan–Türkiyə akademik əlaqələrinin inkişafına töhfə verir.

Stanford–Elsevier reytinqi alimlərin elmi fəaliyyətinin qiymətləndirilməsində bir sıra bibliometrik göstəriciləri nəzərə alır. Bunlara elmi əsərlərə edilən istinadlar, h-indeksi, həmmüəlliflik amili və digər meyarlar daxildir. Bu göstəricilər tədqiqatçıların elmi işlərinin beynəlxalq elmi mühitdə yayılmasını və təsirini qiymətləndirməyə imkan verir.

Professor Abdulla Aveyin siyahıda yüksək mövqeyini qoruması uzunmüddətli elmi fəaliyyətin və beynəlxalq tədqiqat əməkdaşlığının nəticəsi kimi diqqət çəkir. Onun fəaliyyəti Azərbaycan elmi ənənələrinin beynəlxalq akademik məkanla əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyət daşıyır.

Azərbaycanlı alimin elmi nəticələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir