Aztəminatlı tələbələrin ali təhsili üçün 15 milyon manat ayrılacaq

13 Noyabr, 2025 - 11:50
Aztəminatlı tələbələrin ali təhsili üçün 15 milyon manat ayrılacaq

“Gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard manat, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199,7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1,1 milyard manat vəsait nəzərdə tutulur”.

“Azərbaycan müəllimi”xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən  Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında maliyyə nazirinin müavini Himalay Məmişov deyib.

O qeyd edib ki, dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün ayrılacaq vəsaitin 42,0 milyon manatı həssas qrupdan olan 18,5 min nəfər  tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub:

“Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır”.