Bahar Muradova: “Qızların təhsilinə dəstək” layihəsinə 31 ali məktəbin tələbəsi cəlb olunub

25 İyun, 2026 - 09:55
Bahar Muradova: “Qızların təhsilinə dəstək” layihəsinə 31 ali məktəbin tələbəsi cəlb olunub

Azərbaycan maarifçilik tarixində adları qızıl hərflərlə yazılan ziyalılar – Həsən bəy Zərdabi, Hənifə Məlikova və Hüseyn Cavidin maarifpərvər ideyalarından ilham alan “Qızların təhsilinə dəstək” layihəsi artıq müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib.

"Azərbaycan müəllimi"  AZƏRTAC- a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihə çərçivəsində təşkil edilən “II Məzun Günü – 2026” tədbirində deyib.

Komitə sədri qeyd edib ki, “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı, “Sən tək deyilsən – gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı, “Parla” təqaüd və inkişaf proqramı, “Zərif mühəndislər” və “Arzumuz var” abituriyent qızların təhsilinə dəstək proqramları yüzlərlə qadın və qızın həyatında yeni imkanlar yaradıb.

Bahar Muradova bildirib ki, “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı çərçivəsində son beş ildə 239 tələbə qıza dəstək göstərilib. Layihəyə ölkənin 60-dan artıq şəhər və rayonundan, 31 ali təhsil müəssisəsindən qızlar cəlb olunub.

O qeyd edib ki, “Sən tək deyilsən – gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində 34 nəfər şəhid xanımı layihəyə cəlb edilib.

Komitə sədri əlavə edib ki, “Arzumuz var” təqaüd proqramından 22 qız yararlanıb. Bu gün layihənin müxtəlif proqramları üzrə 66 məzun ali təhsilini başa vurur. Ötənilki məzunlarla birlikdə artıq 125 gənc qadın bu layihələrin məzunu adını qazanıb.