Bahar Muradova: Valideyn nəzarətinin gücləndirilməsi nəzərdə tutulur

18 İyun, 2026 - 15:46
Bahar Muradova: Valideyn nəzarətinin gücləndirilməsi nəzərdə tutulur

"Qanun layihəsinə təklif edilən dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiq edilməsini, azyaşlılar üzərində nəzarətin gücləndirilməsini və məlumatların qorunmasını nəzərdə tutur".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən ictimai dinləmədə bildirib. 

O qeyd edib ki, bunlar insanların sosial platformalarda özünüifadə azadlığını məhdudlaşdırmağa deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə tənzimlənməsinə xidmət edir:

"Azərbaycan həm real, həm də virtual mənada dünyanın bir parçasıdır. Dünyada baş verən proseslər ölkəmizə də təsir edir. Bu proseslərin içində olmaqla yanaşı, onların düzgün idarə edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Süni intellektin həyatımıza sürətlə daxil olması ilə rəqəmsal mühitin təhlükəsizliyi məsələsi daha da aktuallaşıb və bəzən real həyatda mövcud olan riskləri ön plana keçirib.
Bu yaxınlarda Milli Məclisdə qanuna dəyişikliklərin edilməsi təklif olunub və cəmiyyətin yanaşması da parlamentdə müzakirə olunan məsələlərlə üst-üstə düşür. Çünki texnologiyaların sürətli inkişafı həyatımıza yeni imkanlarla yanaşı, yeni çətinliklər və təhlükələr də gətirir".

B.Muradova qeyd edib ki, onlayn məkanda uşaqların əlindən tutaraq onlarla birlikdə addımlamalıyıq:

"Məsələ təkcə uşaqların müdafiəsi ilə məhdudlaşmır. Söhbət bütövlükdə cəmiyyətin və Azərbaycanın insan kapitalının inkişafından gedir.

Qarşıda duran çağırışlar qarşısında susmaq və gözləmək olmaz. Dünyada, o cümlədən yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə də bu istiqamətdə ardıcıl addımlar atılır.
Azərbaycan da son illərdə bu sahədə fəal fəaliyyət göstərir. Söhbət hansısa platformaların bağlanmasından, məhdudlaşdırılmasından və ya qadağalardan getmir. Qanun layihəsinə təklif olunan dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini və məlumatların qorunmasını nəzərdə tutur.
Hesabatlılıq və şəffaflığı ortaya qoymayan platformalarla bağlı məhdudiyyətlər tətbiq ediləcək. Qanun qəbul edildikdən sonra elmi və akademik dairələr tərəfindən sosial platformaların uşaqların həyatına, cəmiyyətə təsirləri araşdırılıb, müəyyənləşdirilməlidir".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilir. 
Dəyişiklik layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Eyni zamanda 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.