Bakı Forumunda Azərbaycanın multikulturalizm modeli müzakirə olunub
“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” çərçivəsində “Azərbaycan multikulturalizm modeli: Təcrübə, gənclər və beynəlxalq təsir” mövzusunda panel müzakirə təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, sessiya Rufiz Qulizadənin moderatorluğu ilə keçirilib və panel boyu mövzu ətrafında geniş, məhsuldar və interaktiv fikir mübadiləsi aparılıb.
Panelin əsas məqsədi Azərbaycan Respublikasında formalaşmış multikulturalizm modelinin nəzəri və praktiki əsaslarını təhlil etmək, bu modelin cəmiyyət həyatında oynadığı rolu qiymətləndirmək, xüsusilə gənclərin bu dəyərlərin qorunması və təşviqində iştirak imkanlarını müzakirə etmək olub. Eyni zamanda, Azərbaycanın multikulturalizm siyasətinin beynəlxalq səviyyədə yaratdığı təsir və əldə olunmuş uğurlar iştirakçıların diqqət mərkəzində yer alıb.
Panelin ilk çıxışçısı Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının əməkdaşı Aygün Xəlilqızı olub. O, çıxışında multikulturalizmin fəlsəfi əsasları, tolerantlıq anlayışının mahiyyəti və mədəni müxtəlifliyin cəmiyyətin inkişafına təsiri barədə danışıb. Qeyd edib ki, multikulturalizm yalnız müxtəlif mədəniyyətlərin bir arada yaşamasını təmin edən sosial model deyil, eyni zamanda qarşılıqlı hörmət və anlaşmanı təşviq edən fundamental dəyərlər toplusudur.
Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan multikulturalizm modelinin tarixi formalaşması, dövlət siyasətində tutduğu yer və institusional əsasları barədə məlumat verib. O bildirib ki, bu model tarixi ənənələrə əsaslanaraq formalaşıb və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Paneldə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Əliyev isə multikultural dəyərlərin gənclər siyasətində təşviqinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənclərin mədəniyyətlərarası dialoqda fəal iştirakı cəmiyyətlərarası anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Panel sessiyası interaktiv formatda davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.



