Bakıda “Afrika Günü” münasibətilə beynəlxalq konfrans keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyinin, Bakı Dövlət Universitetinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə mayın 25-də “Afrika Günü” münasibətilə Bakıda beynəlxalq konfrans keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Afrika ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər, eləcə də ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, Azərbaycan üçün Afrika uzaq qitə deyil, imkanlar və əməkdaşlıq məkanıdır. Son bir ildə Azərbaycanın bu qitə ilə daha çox əməkdaşlığı olub.
"Bu gün Afrika dünyanın ən dinamik və perspektivli regionlarından biridir. Gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatı, zəngin təbii sərvətləri və artan geosiyasi əhəmiyyəti sayəsində qitə qlobal siyasi, iqtisadi gündəliyi daha fəal şəkildə formalaşdırır. Afrika İttifaqı artıq G20-nin tamhüquqlu üzvü olub. Afrika həmçinin BMT Təhlükəsizlik Şurasında iki daimi yer uğrunda mübarizə aparır. Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir. Azərbaycan üçün Afrika uzaq qitə deyil. Bu, tərəfdaşlar, dostlar və ortaq istəklər qitəsidir", - Y.Rəfiyev bildirib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, bu gün 40 Afrika ölkəsindən 360-dan çox tələbə Azərbaycan universitetlərində təhsil alır.
Onun sözlərinə görə, son illər Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə sıx və fəal olub.
"Biz bunu təkcə rəsmi görüşlərdə və razılaşmalarda deyil, həm də insanlar arasındakı əlaqələrdə, akademik əməkdaşlıqda və xüsusən də Azərbaycan universitetlərində təhsil alan afrikalı tələbələrin artan sayında görürük", - o qeyd edib.
K.Kərimzadə vurğulayıb ki, təhsil ölkələr arasında tərəfdaşlığın ən möhkəm formalarından biridir.
O həmçinin qeyd edib ki, bu gün ali məktəblərimiz Azərbaycan dilində olan proqramlarla yanaşı, ingilis, fransız və ərəb dillərində də təhsil imkanları təklif edir. Bu, müxtəlif mədəniyyətlərdən olan tələbələrə Azərbaycanın akademik həyatına fəal şəkildə inteqrasiya olunmağa kömək edir.
Kənan Kərimzadə əlavə edib ki, Afrika ölkələrindən olan tələbələr müxtəlif təhsil proqramları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində Azərbaycan hökumətinin dəstəyini alırlar.
K.Kərimzadə bu gün Afrikanın dünyanın dinamik və perspektivli regionlarından biri olduğunu vurğulayıb:
"Qlobal inkişafın, innovasiyaların və hətta dünya demoqrafiyasının gələcəyi əsasən Afrikanın baxışları və inkişafı ilə müəyyən ediləcək. Məhz buna görə də təhsil, elm, texnologiya, peşə təlimi və innovasiya sahələrində əməkdaşlıq getdikcə daha vacib əhəmiyyət kəsb edir".
K.Kərimzadə diplomatları, akademik icma nümayəndələrini, tələbələri, ekspertləri və siyasətin hazırlanması prosesinin iştirakçılarını bir araya gətirən konfransın keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tədbir təkcə mövcud çağırışların müzakirəsi üçün deyil, həm də gələcək üçün yeni ideya və tərəfdaşlıqların formalaşdırılması üçün bir platforma olub.
Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf Afrikanın beynəlxalq arenada mövqelərini möhkəmlətməyə davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Afrika İttifaqı təşkilatın səmərəliliyinin və operativliyinin artırılmasına, həmçinin qitə əhalisinin maraqlarının daha dolğun təmsil olunmasına yönəlmiş institusional islahatları irəli aparmağa davam edir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycanla Afrika arasında münasibətlərin inkişafının əsasən gənclərdən asılı olduğunu vurğulayıb.
"Onlar beynəlxalq təqaüd proqramları, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrant Proqramı çərçivəsində təhsil alırlar. Afrikalı tələbələr təkcə təhsil alanlar deyil, həm də akademik ictimaiyyəti öz baxışları, ənənələri və təcrübələri ilə zənginləşdirən mədəniyyət səfirləridir. Onlar təhsildə yüksək akademik nailiyyətləri ilə fərqlənir, təhsil və elmi fəaliyyətdə daim yüksək nəticələr nümayiş etdirirlər. Mən onların akademik tərəqqisini diqqətlə izləyir və nailiyyətləri ilə böyük qürur duyuram. Onlar universitetimizin ən yaxşı xarici tələbələridir", - deyə rektor bildirib.
Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyev bildirib ki, Afrika Azərbaycanın xarici siyasətində yeni bir istiqamət olsa da, artıq ən vacib istiqamətlərdən birinə çevrilib. Bu, Azərbaycan tərəfinin Afrikanın dövlətləri ilə münasibətləri dərinləşdirmək və daha da irəli aparmaq üçün güclü bir öhdəliyindən irəli gəlir. Bu öhdəlik Prezident İlham Əliyevin strateji baxışından qaynaqlanır.
Açılış mərasimindəki digər natiqlər də çıxışlarında Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıq perspektivlərini vurğulayıblar.
Tədbir çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial” və “Agenda 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələri keçirilib. Panellərdə siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələr üzrə yeni imkanlar müzakirə olunub.
Konfrans zamanı, həmçinin "ASAN xidmət" sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə dair təqdimat nümayiş etdirilib.



