Bakının PISA göstəriciləri müəyyən ölkələrlə müqayisə oluna bilər – Emin Əmrullayev

17 Sentyabr, 2026 - 11:36
Bakının PISA göstəriciləri müəyyən ölkələrlə müqayisə oluna bilər – Emin Əmrullayev

““Rəqəmsal bacarıqlar” layihəsinə 10 ildən çox müddət əvvəl 5 min şagirdlə başladıq, indi isə 600 min şagird əhatə olunur. Bu, Azərbaycanın ümumtəhsil məktəblərindəki bütün şagirdlərin demək olar ki, yarısıdır”.

“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Baku ID İnnovasiya Festivalında səsləndirib.

Nazir bildirib ki, mahiyyət etibarilə kiçik addımlarla başlayır və sonra irəliləyirsiniz: “PISA üzrə son nəticələrimiz bizə olduğumuz mövqeni çox yaxşı göstərən bir mənzərə, bir növ güzgü təqdim edir. Riyaziyyat üzrə nəticələrimizi xüsusilə qeyd etmək istərdim. Düşünürəm ki, bu, kifayət qədər yaxşı nəticələr gördüyümüz sahələrdən biridir. Xüsusilə Bakı üzrə göstəricilər müəyyən ölkələrlə müqayisə oluna bilər, çünki onların ölçüsü və əhalisi də Bakının ölçüsü və əhalisinə yaxındır”.

Onun sözlərinə görə, ən yüksək nəticə göstərən şagirdlərin payının 8-10 faizə qədər olduğunu görürük: “İnanıram ki, bu, kifayət qədər yüksək göstəricidir. Bu isə o deməkdir ki, hər il minlərlə belə şagird yetişir. Bunu beş və ya on ilə vurduqda, yaranan problemləri düzgün şəkildə həll etsəniz, istənilən yeni problemin öhdəsindən gəlməyə imkan verəcək kifayət qədər sayda insanımız olacaq”.

Nazir bildirib ki, hazırda “Rəqəmsal bacarıqlar”, STEAM təşəbbüsü çərçivəsində kurikulumun dəyişdirilməsi, müəllimlərin hazırlanması, sistemə çoxlu sayda cihaz və avadanlıqların gətirilməsi və sair istiqamətlərdə işlər görülür.