“Biliyi praktik nəticəyə çevirməyə çalışırıq” - Uilyam Davila

21 Sentyabr, 2026 - 10:54
“Biliyi praktik nəticəyə çevirməyə çalışırıq”

“Bilik real dünya ilə əlaqələndirildikdə daha böyük dəyər qazanır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri IE Universitetinin icraçı sədri Uilyam Davila Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimində səsləndirib.

Onun sözlərinə görə, IE bütün dünyada şirkətlər, qurumlar və hökumətlərlə geniş əməkdaşlıq edir: “Biz təşkilatlara istedadlarını inkişaf etdirməyə, liderlik imkanlarını gücləndirməyə, transformasiya proseslərini idarə etməyə və mürəkkəb strateji problemlərin öhdəsindən gəlməyə kömək edirik. Biz biliyi praktik nəticəyə çevirməyə çalışırıq. 

Təhsil, tədqiqat və real dünya arasındakı bu əlaqə kim olduğumuzun fundamental hissəsidir”.

Sədr qeyd edib ki, hazırda misli görünməmiş transformasiya dövrünü yaşayırıq: “Süni intellekt təşkilatların fəaliyyətinə ciddi təsir göstərir. Texnologiyalar qərar qəbuletmə prosesini sürətləndirir. Geosiyasi dəyişikliklər bazarları və biznes strategiyalarını yenidən formalaşdırır. Bir vaxtlar illərlə qüvvədə qala bilən yanaşmalar isə indi bir neçə ay ərzində dəyişə bilir.

Belə bir şəraitdə təhsil daha da böyük əhəmiyyət kəsb edir.

Lakin bu, sadəcə bizə daha çox informasiya verdiyinə görə deyil. İnformasiya getdikcə daha əlçatan və bol olur. Əsl çətinlik isə ondan necə istifadə etməyi bilməkdir. Məhz burada liderlik ön plana çıxır”, – deyə o bildirib.