“Birdən ən güclülərdən biri mən olmasam?” – Məleykə Abbaszadə tələbəlik illərindən yazdı

25 Avqust, 2026 - 12:52
“Birdən ən güclülərdən biri mən olmasam?”

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali məktəbə yeni qəbul olunan abituriyentləri təbrik edib. O, sosial şəbəkə hesabında paylaşdığı təbrik mesajında özünün tələbəlik illərindən, 17 yaşında Moskva Dövlət Universitetinə qəbul olduğu ilk günlərdən də söz açıb.

“Azərbaycan müəllimi” M.Abbaszadənin tələbəlik illəri ilə bağlı xatirələrini təqdim edir:

“Mən on yeddi yaşımda Moskvaya gedib Moskva Dövlət Universitetinin tələbəsi olduğum günləri çox yaxşı xatırlayıram. Məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdim. Orada isə ətrafımda ciddi seçimlərdən keçmiş gənclər var idi. İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa?

Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq heç kim dərslərimi edib-etmədiyimi yoxlamırdı, heç kim nə vaxt oturub çalışmağın vaxtı olduğunu xatırlatmırdı.

O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır”.