"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
“Hər il 300-dən çox gənc azərbaycanlını kibertəhlükəsizlik, informasiya texnologiyaları və digər istiqamətlər üzrə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndəririk”.
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Baku ID İnnovasiya Festivalında səsləndirib.
Nazir qeyd edib ki, bu, kiçik rəqəm olsa da, 5-10 il müddətində nəzərdən keçiriləndə artıq minlərlə insanın bu sahələr üzrə kadr kimi hazırlandığını görərsiniz:
“Onların hər biri böyük təsir göstərə, başqaları üçün nümunə ola, gələcəkdə özləri tədris apara və sair işlər görə bilər.
İnanıram ki, uzunmüddətli perspektivdə bu yanaşma ekosistemin özünəməxsus istiqamətində rəqabət apara biləcək səviyyəyə çatmasına kömək edə bilər”.
Nazir texnologiyanın sürətli inkişafına diqqəti çəkərək qeyd edib ki, burada önəmli olan texnologiyanın yaradıcısı, yoxsa istifadəçisi olmaqdır:
“Bunu müəyyənləşdirmək və sonra tətbiqin düzgün yolunu tapmaq lazımdır. Amma ümumilikdə, düşünürəm ki, qarşıda bizi çox uzun bir yol gözləyir.
Biz bu yolun hələ başlanğıcındayıq. Düşünürəm ki, biz qarşılaşdığımız çətinlikləri anlayır və qəbul edirik, onları inkar etmirik”.
Emin Əmrullayev bildirib ki, eyni templə davam etsək, inkişaf etməyə, daha da yaxşılaşmağa və getdikcə daha yaxşı nəticələr əldə etməyə nail olacağıq.




