Münaqişə zonalarında təhsil həyatı qurtaran vasitədir - BMT rəsmisi

3 Mart, 2026 - 13:39
Münaqişə zonalarında təhsil həyatı qurtaran vasitədir

"Qlobal miqyasda hər beş uşaqdan biri, yəni, 473 milyon azyaşlı münaqişə zonasında yaşayır və ya qaçqındır. Uşaqlara qarşı ciddi zorakılıq hallarının BMT tərəfindən təsdiqlənmiş statistikası 2023-cü ildən 2024-cü ilə qədər belə mənfi tendensiyanın 25% artdığını göstərir. Təcavüz və digər cinsi zorakılıq formaları isə 35% artıb".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu BMT-nin siyasi məsələlər üzrə rəhbəri Rozmari DiKarlo ABŞ-nin birinci xanımı Melaniya Trampın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında deyib. 

Onun sözlərinə görə, zorakılıqla müşayiət olunan münaqişələrdə məktəblər uşaqları insan alveri və istismardan qoruyan yeganə təhlükəsiz məkanlardan biri ola bilər.

"Münaqişə zonalarında təhsil həyatı qurtaran bir vasitədir”, - deyə DiKarlo bildirib.

DiKarlo əlavə edib ki, böhran və münaqişə vəziyyətlərində olan 234 milyon uşağın hazırda təhsil dəstəyinə ehtiyacı var, 85 milyon azyaşlının isə tamamilə məktəbdən kənarda qaldığı bildirilir. O, həmçinin artan ehtiyaclara baxmayaraq, fövqəladə hallarda təhsil üçün maliyyələşdirmənin 24% azaldığını vurğulayıb.

BMT rəsmisi əlavə edib: “Texnologiyanın verdiyi imkanların reallaşmasını təmin etmək üçün onun risklərini azaltmalıyıq. Münaqişə zonalarında olan uşaqlar artan onlayn təhdidlərlə - insan alveri, radikallaşma, silahlı qruplara rəqəmsal cəlbetmə və kiberhücumlar ilə üzləşirlər”.