BMU-da Kimya Mühəndisliyi Forumu 2025 keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Kimya Mühəndisləri Cəmiyyəti (Society of Chemical Engineers- SChE) tərəfindən “Kimya Mühəndisliyi Forumu 2025” adlı tədbir təşkil olunub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq keçirilən, həmçinin ictimaiyyət üçün açıq formatlı tədbirdə kimya mühəndisliyi sahəsinə maraq göstərən hər kəsə iştirak imkanı yaradılıb.
Tədbirin açılışında BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov, Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxəliyev çıxış ediblər. Çıxışlarda kimya mühəndisliyi sahəsinin sənaye və elmi tədqiqatlar baxımından əhəmiyyəti, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, həmçinin tələbələrin peşəkar inkişafında belə forumların rolu vurğulanıb.
Ardınca SChE-nin rəhbəri Əlövsət Abasov cəmiyyətin tələbələrin akademik və peşəkar bacarıqlarının formalaşmasındakı rolu, indiyədək həyata keçirilən layihələr və gələcək fəaliyyət planı haqqında ətraflı məlumat verib.
Forum çərçivəsində “Proses təhlükəsizliyi və risklərin idarə edilməsi”, “Proses monitorinqi və proses dizaynı”, “Enerjinin idarə edilməsi və optimallaşdırılması” mövzularında panel sessiyaları təşkil olunub. Panellərdə spikerlər- Emil Səlimov, Mustafa Şərifov, Surət Əsgərov, İlham Şahverdiyev, Fuad Ömər, Rahib Qasımov, Sənan Süleymanlı və Orxan Məmmədli öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.
Forum interaktiv müzakirələr, sual-cavab sessiyaları ilə davam edib və tələbələr üçün sahə üzrə praktiki biliklərin artırılması, peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsi baxımından faydalı platforma olub.


