Böyük Britaniya məzunları kənd məktəbliləri ilə görüşüb
Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvlərinin təşkil etdiyi “Təhsil üçün əl-ələ” layihəsinin rayonlara səfəri başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, oktyabrın 11-dən etibarən başlayan rayon səfərləri noyabrın 2-də bitib. Səfər boyu Ağdam, Bərdə, Yardımlı, Lerik, Balakən, Zaqatala, Gədəbəy, Salyan, Siyəzən və Şamaxının 10 kənd məktəbi ziyarət edilib.
Məktəblərdə 400-dən çox şagirdlə görüşən AUKAA üzvləri onlara müxtəlif mövzularda təlimlər keçib. Təlimlərin sonunda isə inşa müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsində hər məktəbdən 3 uşaq olmaqla 30 şagird payız düşərgəsinə dəvət olunub.
15-19 noyabr tarixində Bakı şəhərində nəzərdə tutulan inkişaf yönümlü payız düşərgəsi çərçivəsində 30 şagird üçün universitetlərə ziyarət, məzunlarla görüşün təşkili, mədəni proqramlar və tanınmış spikerlərin təlimləri baş tutacaq.
Qeyd edək ki, "Təhsil üçün əl-ələ" layihəsi 2016-cı ildən etibarən şagirdlərin peşəkar inkişafına dəstək məqsədi ilə AUKAA tərəfindən həyata keçirilir. Layihədə Azərbaycan Respublikasının regionlarında yerləşən kənd orta məktəblərinin 9-10-cu sinif şagirdləri ilə görüşərək onlara prioritet ixtisaslarda ali və ya peşə təhsilinə davam etmələri üçün həvəsləndirici seminarlar keçirilməsi və təhsillə əlaqəli digər tövsiyələrin verilməsi nəzərdə tutulur. Eyni zamanda məqsədimiz müxtəlif proqramlar üzrə Britaniyada təhsil almış məzunların öz vaxtlarından ictimai faydalı işlər üçün ayırmalarını təşviq etməkdən ibarətdir.



