Bu dərsliklər yenilənib - Şagirdləri yeni məzmun gözləyir
Yeni tədris ili üzrə IV siniflər üçün “Həyat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili” “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII siniflər üçün “Coğrafiya”, IX siniflər üçün “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 2026–2027-ci tədris ili üçün yenilənmiş dərsliklər “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na, həmin Standartlar əsasında hazırlanmış fənn kurikulumlarına, müasir pedaqoji yanaşmalara və beynəlxalq qiymətləndirmə tədqiqatlarının (PISA, TIMSS və s.) çərçivələrinə uyğun hazırlanıb.
Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problemhəlletmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.
Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.
Qeyd edilməlidir ki, dərsliklərin yenilənməsi prosesi ayrı-ayrı mövzuların mexaniki şəkildə çıxarılması və ya əlavə edilməsi prinsipi əsasında deyil, fənn kurikulumlarının tələblərinə uyğun olaraq məzmunun təkmilləşdirilməsi və optimallaşdırılması yolu ilə həyata keçirilir.




