Bu il ən aşağı təhsil haqları bu İXTİSASLARDA olacaq
2026/2027-ci tədris ili üçün ali məktəblərin bakalavriat səviyyəsində ən aşağı illik təhsil haqqı müəyyən edilən ixtisasları məlum olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, I ixtisas qrupunda ən az illik ödənişi olan ixtisaslar Gəncə Dövlət Universitetindədir.
Belə ki, bu ali təhsil müəssisəsinin “Kimya mühəndisliyi” və “Maşın mühəndisliyi” ixtisaslarının hər biri üzrə illik təhsil haqqı 1300 manatdır. Qeyd edək ki, “Kimya mühəndisliyi” üzrə 20, “Maşın mühəndisliyi” üzrə isə 25 plan yeri ayrılıb.
II ixtisas qrupunda ən az illik ödənişə malik ixtisaslar Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Dövlət və bələdiyyə idarəetməsi” (əyani, 30 yer), “Marketinq” (əyani, 60 yer) və “Menecment” (əyani, 30 yer) ixtisasları, Naxçıvan Dövlət Universitetinin “Mühasibat” (qiyabi, 15 yer), Azərbaycan Texnologiya Universitetinin “Marketinq” (qiyabi, 10 yer), rus dilində təhsil üzrə qiyabi əsaslarla “Mühasibat”, Mingəçevir Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi”, “Menecment”, “Mühasibat”, “Turizm bələdçiliyi" "Turizm işinin təşkili” (qiyabi, hər biri üzrə 15 yer) ixtisaslarıdır. Bütün bu ixtisaslar üzrə illik ödəniş 1400 manat nəzərdə tutulub.
III ixtisas qrupunda ən az illik ödənişə malik ixtisaslar Naxçıvan Dövlət Universitetinin fransız, rus və alman dilləri üzrə “Xarici dil müəllimliyi” ixtisaslarıdır. Hər üç ixtisas üzrə ayrılıqda 10 plan yeri ayrılıb və 1100 manat illik ödəniş nəzərdə tutulub.
IV ixtisas qrupunda ən aşağı təhsil haqqı olan ixtisas Gəncə Dövlət Universitetinin “Kimya müəllimliyi” ixtisasıdır. Bu ixtisas üzrə 15 plan yeri ayrılıb, 1100 manat illik ödəniş nəzərdə tutulub.
V ixtisas qrupunda ən aşağı illik təhsil haqqı olan ixtisaslar Bakı Dövlət Universitetinin Qazax filialının “Fiziki tərbiyə və hərbi xidmətə çağırışaqədərki hazırlıq müəllimliyi” (əyani, 30 yer), Naxçıvan Dövlət Universitetinin “Musiqi müəllimliyi” (fortepiano, tar, kamança, qarmon, nağara, saz, zurna) (əyani, 15 yer) ixtisasları üzrədir. Bu ixtisaslar üzrə 1500 manat illik ödəniş nəzərdə tutulub.




