Bu nəticələri kənd məktəblərini önə çıxardı

9 Sentyabr, 2025 - 11:31
Bu nəticələri kənd məktəblərini önə çıxardı
Bu nəticələri kənd məktəblərini önə çıxardı

Bu il Mil–Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 67 məzunu 600-dən çox bal toplayıb.

“Azərbaycan müəllimi"nin apardığı araşdırmaya görə, Beyləqan rayonu üzrə 15, İmişli rayonu üzrə 13, Saatlı rayonu üzrə 19, Sabirabad rayonu üzrə 20 məzun 600-dən yüksək bal toplayaraq uğurlu nəticə göstərib.

600-dən yüksək bal toplayanların sayına görə regionun lider təhsil müəssisələri İmişli şəhər N.Nərimanov adına 1 nömrəli məktəb-liseyi, Saatlı şəhər S.Vurğun adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Sabirabad rayon Qaratəpə kənd tam orta məktəbi və Sabirabad şəhər N.Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbidir. Bu məktəblərin hər birindən 4 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Eyni zamanda, Saatlı rayon S.Vurğun adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Sürəyya Əlizadə 690 bal toplayaraq region birincisi olub. 

Beyləqan rayon S.Mehdiyev adına Yuxarı Aran qəsəbə tam orta ümumtəhsil məktəbinin məzunu Əminə Hacıyeva 681,9 bal, İmişli rayon H.Namazov adına Boşçalılar kənd tam orta ümumtəhsil məktəbinin məzunu Gündüz Mirzəzadə 681,1 bal, Saatlı rayon Ə.Əhməfov adına Qaracalar kənd tam orta məktəbinin məzunu Ayxan Məhərrəmli 678 bal, Sabirabad rayon A.Ağarəhimov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin məzunu Hüseynqulu Mustafayev isə 664,6 bal toplayaraq kənd məktəbləri arasında seçiliblər.

Araşdırma nəticələrinə görə, kənd məktəbləri ən yüksək bal toplayan məzunlarının sayına görə şəhər məktəblərini iki dəfədən çox üstələyib. Belə ki, 600-dən yüksək bal toplayan məzunların 45-i kənd və ya qəsəbə, 22-si isə şəhər məktəblərinin payına düşür.

Kənd məktəblərində ən yüksək balı Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Aysel Səfərova (687,9 bal) toplayıb.

Araşdırmaya görə, 600-dən yüksək bal toplayan məzunların əksəriyyəti qızdır. Belə məzunların 44-ü qız, 23-ü isə oğlandır.