Bugünkü Azərbaycan gəncliyi daha rəqabətədavamlıdır - Nazir

5 May, 2026 - 18:11
Bugünkü Azərbaycan gəncliyi daha rəqabətədavamlıdır

“Bugünkü Azərbaycan gəncliyi daha bacarıqlı, daha rəqabətədavamlıdır. Təbii ki, hər bir nəsil özündən əvvəlki nəsillə müqayisədə bir addım irəli addım ata bilərsə, məhz bu halda inkişafdan danışa bilərik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində səsləndirib.

Nazir qeyd edib ki, Azərbaycan gəncliyi buna nail ola bilib və növbəti nəsillər Azərbaycanı daha da inkişaf etdirəcək, müstəqilliyini qoruyub saxlayacaq və onun daha da möhkəmlənməsində öz üzərinə düşən yükü layiqincə yerinə yetirə biləcək vətəndaşlar olacaqlar: “COP29 Azərbaycanda keçirilərkən həmin tədbirdə iştirak edən bir sıra dövlət və hökumət başçılarının həm qarşılanmasında, həm də yola salınmasında hökumət üzvü olaraq mən də aktiv iştirak edirdim. Xüsusilə yola salınma mərasimində ayrı-ayrı dövlətlərin hökumət və dövlət başçıları həmin tədbirin təşkilinə cəlb edilmiş Azərbaycan gənclərinin bacarıqlarını da xüsusi olaraq vurğulayırdılar. Kifayət qədər böyük dövlətlərin rəhbərləri Azərbaycanın gənclərinin potensialını yüksək qiymətləndirərək bildirirdilər ki, belə gənclər varsa, gələcəkdə Azərbaycan dövlət və millət olaraq çox böyük nailiyyətlərə, mühüm məqsədlərə çatmaq üçün ən vacib resursa sahibdir. Gənclər, xüsusilə də könüllülər COP29-un vacib faktorlarından və əsas elementlərindən biri idilər və bu tədbirin ölkəmizdə layiqincə keçirilməsində böyük rol oynadılar”.