"Bürünc medalı kiçik fərqlə qaçırdım" - Beynəlxalq olimpiadada uğur qazanan ilk Naxçıvan məktəbilisi

16 İyul, 2026 - 09:56
"Bürünc medalı kiçik fərqlə qaçırdım"

Budəfəki qəhrəmanımız Naxçıvanın beynəlxalq olimpiadada ilk uğur qazanan məktəblisi Oruc Cabbarlıdır. 

O, bir müddət əvvəl həm də III yerin qalibi kimi informatika fənni üzrə Respublika Fənn Olimpiadasından Naxçıvana ilk medal gətirən şagird olub. İlk olmaq hər zaman məsuliyyət deməkdir. Oruc Cabbarlı bu uğuru ilə həm Naxçıvan məktəblilərinin beynəlxalq olimpiadalarda uğur qazana biləcəyini sübut edən ilk məktəbli kimi adını bölgənin təhsil tarixinə yazdırıb. Onun qazandığı nəticə həm də gələcəkdə beynəlxalq yarışlara hazırlaşan yüzlərlə şagird üçün motivasiya mənbəyinə çevrilib.

“Azərbaycan müəllimi” yeniyetməmizlə həmsöhbət olaraq onun uğur yoluna nəzər salıb.

Oruc Cabbarlı hələ 6-cı sinifdən müxtəlif olimpiada və müsabiqələrdə iştirak edərək uğurlar qazanıb. Belə ki, o, ilk dəfə 6-cı sinifdə Respublika fənn müsabiqələrinin informatika fənni üzrə gümüş, sonrakı il isə adıçəkilən müsabiqədə biologiya fənni üzrə bürünc medal əldə edib. AMO və SASMO kimi  beynəlxalq riyaziyyat olimpiadalarında medallar qazanıb. 7-ci sinifdən etibarən robototexnika ilə də məşğul olan istedadlı şagirdimiz Naxçıvan Muxtar Respublikası üzrə keçirilən STEAM yarışlarında komandası ilə birlikdə uğurlu nəticələr əldə edib. O, 9-cu sinifdə Respublika fənn olimpiadalarının informatika fənni üzrə final mərhələsində iştirak edib. Həmin il 270 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb. Əlbəttə ki, bütün bu yarış və olimpiadalardan qazandığı təcrübələr onun gələcək uğuruna təsir edib və inkişafına stimul olub. 

Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin məzunu Oruc Cabbarlı Azərbaycanı təmsil edən komandanın üzvü olaraq Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında həvəsləndirici mükafat qazanıb. Beynəlxalq olimpiadaya gedən yol isə asan olmayıb:

"Bu il Azərbaycanda seçim prosesi iki mərhələdən ibarət olaraq yerli və xarici mütəxəssislər tərəfindən keçirildi. Hazırlıqla özüm məşğul olurdum, hər iki mərhələdə uğurla çıxış edib komandaya seçildim".

Tunisdə keçirilən olimpiada Oruc üçün təkcə yarış deyil, həm də böyük təcrübə məktəbi olub: "Düşünürəm ki, qazanılan uğurdan daha önəmli olan yaxşı təcrübələr qazanmaqdır. Fərqli ölkələrdən olan insanlarla tanışlıq, bu sahədə böyük müvəffəqiyyətlər qazanmış şəxslərlə söhbət etmək fürsətim oldu. Bu olimpiada mənə çox dəyərli təcrübə qazandırdı".

Orucun beynəlxalq arenada əldə etdiyi nəticə Naxçıvan üçün ilk idi. "Həvəsləndirici mükafata layiq görüləndə həm sevindim, eyni zamanda bir qədər məyusluq keçirdim. Bürünc medalı cəmi bir pillə fərqlə qaçırdım".

Amma onun qazandığı həvəsləndirici mükafatın əhəmiyyəti təkcə şəxsi nəticə ilə məhdudlaşmır. Bu uğur Naxçıvan məktəblilərinin beynəlxalq olimpiadalarda da iddialı ola biləcəyini sübut edir.

Oruc bununla bağlı fikirlərini belə ifadə edir: "Bu uğur təkcə şəxsi nailiyyətim deyil, həm də Naxçıvanın istedadlı gənclərinin beynəlxalq arenada rəqabət apara biləcəyinin göstəricisidir. Ümid edirəm ki, mənim əldə etdiyim nəticə Naxçıvandakı digər şagirdlər üçün də motivasiya olacaq və onların beynəlxalq olimpiadalara marağını artıracaq".

Onun beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər üçün tövsiyəsi isə belədir:

"Hər zaman oxusunlar, təkmilləşsinlər və öyrənmə prosesindən zövq alsınlar. Bu gün demək olar ki, hər şeyi internetdən öyrənmək olur, amma əsas məsələ həmin məlumatı düzgün tapmaq və tətbiq etməkdir. Süni intellekt də bu prosesdə çox faydalı vasitədir, lakin onu hazır cavab almaq üçün yox, daha tez daha tez öyrənmək və daha yaxşı anlamaq üçün istifadə etmək lazımdır. Ən önəmlisi isə marağı itirməmək və hər gün az da olsa inkişaf etməkdir”.

Bu gün Oruc Cabbarlının hədəfləri daha böyükdür: "Hazırda kibertəhlükəsizlik və süni intellekt sahələrində özümü inkişaf etdirirəm, gələcək planlarım da bu yöndədir. Gələcəkdə də bu sahələrdə olmağı, yerli və beynəlxalq yarışlara qatılmağı düşünürəm".