"ChatGPT" uşaqlar üçün məzmun məhdudiyyəti qoyacaq

28 Yanvar, 2026 - 15:02
"ChatGPT" uşaqlar üçün məzmun məhdudiyyəti qoyacaq

Gənc istifadəçiləri qorumaq məqsədilə "ChatGPT" artıq yaşı təxmin edəcək. Belə ki, süni intellektin gənclərə təsiri ilə bağlı müzakirələr davam edərkən, "OpenAI" "ChatGPT"yə “yaş proqnozu” adlı yeni bir təhlükəsizlik xüsusiyyətinin əlavə olunduğunu elan edib. 

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, bu xüsusiyyət platformada yetkinlik yaşına çatmayan istifadəçiləri müəyyən etməklə söhbət məzmununu avtomatik olaraq məhdudlaşdırmağı hədəfləyir. Şirkət qeyd edir ki, bu addım xüsusilə uşaqların və gənclərin zərərli məzmunla qarşılaşma riskini azaltmağa yönəlib. Beləliklə, "ChatGPT" istifadəçilərin yaşlarını təxmin edəcək və yaşı çatmayanların çatbotdan istifadəsini məhdudlaşdıracaq.

"Open AI" tərəfindən paylaşılan məlumata görə, yeni yaş proqnozu sistemi süni intellektlə işləyən alqoritmlə işləyir. Bu alqoritm istifadəçi hesablarını müəyyən davranış və hesab səviyyəli siqnallara əsasən təhlil edərək yaşı proqnozlaşdırır. Qiymətləndirilən amillərə istifadəçinin bildirdiyi yaş, hesabın nə qədər aktiv olduğu və günün hansı saatlarında ən çox istifadə edildiyi daxildir.

"ChatGPT" artıq 18 yaşdan kiçik istifadəçilər üçün məzmun məhdudiyyətlərinə malikdir və cinsi əlaqə və zorakılıq kimi həssas mövzuları süzgəcdən keçirir. Yeni yaş proqnozu mexanizmi hesabın yetkinlik yaşına çatmayan istifadəçiyə məxsus olduğunu aşkar edərsə, bu filtrləri avtomatik olaraq aktivləşdirir. Bu, söhbətlərin əlavə addımlar tələb etmədən daha təhlükəsiz bir mühitdə aparılmasını təmin edir.

Sistemin yetkin istifadəçini səhvən yetkinlik yaşına çatmayan kimi təsnif etməsi halında da bir həll yolu var. "Open AI" qeyd edir ki, bu halda istifadəçilər identifikasiya tərəfdaşı Persona vasitəsilə selfi göndərərək yaşlarını təsdiqləyə bilərlər. Doğrulama prosesi başa çatdıqdan sonra hesab “yetkin” kimi bərpa edilə bilər. Lakin, bu cür texniki tədbirlərin effektivliyi müzakirə mövzusu olaraq qalır. Mütəxəssislərin fikrincə, gəncləri yaş qiymətləndirməsi, məzmun məhdudiyyətləri və ya giriş bloklamaları kimi metodlarla qorumağa çalışan rəqəmsal platformalar məsuliyyətin əhəmiyyətli bir hissəsini ailələrdən uzaqlaşdırır. Uşaqları qorumaq vəzifəsini başqa bir platformaya keçirmək ideal həll yolu kimi görünmür.