Çinli professor abidələrin qorunmasında rəqəmsal texnologiyaları təklif edib

13 Noyabr, 2026 - 11:11
Çinli professor abidələrin qorunmasında rəqəmsal texnologiyaları təklif edib

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfransında iştirak etmək üçün Naxçıvana gələn Çindən olan memar, Anhui Jianzhu Universitetinin professoru Lei Zhang bölgənin tarixi irsi və memarlığı barədə təəssüratlarını bölüşüb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvana ilk dəfə səfər etdiyini bildirən professor şəhərin tarixi binalarından və zəngin memarlıq nümunələrindən dərin təsirləndiyini vurğulayıb. Bir çox tarixi abidələri yerində ziyarət etdiyini qeyd edən qonaq gələcəkdə də bu qədim diyarın mədəni irsini yenidən ziyarət etmək arzusunda olduğunu qeyd edib.  

Tarixi binaların qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində yeni yanaşmalara toxunan professor, bu sahədə müasir texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırıb. O, tarixi abidələrin bərpası və öyrənilməsində rəqəmsal əkizlər (digital twins), 3D modelləşdirmə və lazer nöqtə buludları (laser point clouds) kimi qabaqcıl texnoloji həllərdən istifadə edilməsinin prosesi daha dəqiq və effektiv edə biləcəyini bildirib.