"Daha böyük hədəflər üçün çalışırıq” - Avropa yarışlarına hazırlaşan idmançı qızlar

11 Mart, 2026 - 10:07
"Daha böyük hədəflər üçün çalışırıq”

Gənclərin idmana marağının artırılması və onların uğurlarının tanıdılması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə bölgələrdə yetişən gənc idmançılar da diqqət çəkir.  

“Azərbaycan müəllimi” oxucularına idman sahəsində uğurları ilə seçilən gənclərdən bəzilərini təqdim edir. Onlardan biri Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi, sərbəst qadın güləşi ilə məşğul olan gənc idmançı Aylin Həsənli, digəri isə artıq ölkə və beynəlxalq yarışlarda adından bəhs etdirən gənc güləşçi Nuray Cəfərlidir.

Hər iki idmançı qısa müddət əvvəl Gəncə İdman Sarayında keçirilən qadın güləşi üzrə yeniyetmələr arasında U-15 və U-17 Azərbaycan çempionatında uğur qazanıb. Belə ki, U-17 yaş qrupunda Nuray Cəfərli (46 kq), U-15 yaş qrupunda isə Aylin Həsənli (62 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüb və ölkəmizi Avropa çempionatında təmsil etmək hüququ əldə ediblər.

Aylin gənc yaşına baxmayaraq idman sahəsində artıq ilk uğurlarını qazanmağı bacarıb. Uşaqlıqdan idmana maraq göstərən məktəbli son iki ildə sərbəst qadın güləşi ilə məşğul olur və bu sahədə qazandığı nailiyyətlərlə diqqət çəkir. Onun sözlərinə görə, bu idman növünə marağının yaranmasında tanınmış güləşçi Mariya Stadnikin çıxışları mühüm rol oynayıb.

Aylin deyir ki, idmana marağı lap uşaqlıqdan olub: “İdmana marağım lap uşaqlıqdan var, elə uşaqlıdan da idmanla məşğul oluram. Sosial şəbəkədə Mariya Stadniki gördüm və məndə güləşə həvəs yarandı. Son 2 ildə güləşlə məşğul olmağa qərar verdim”.

Gənc idmançı qazandığı uğurların arxasında böyük zəhmətin və davamlı məşqlərin dayandığını bildirir. Onun sözlərinə görə, hər gün məşqlərə davamlı şəkildə qatılmaq, məşqçilərin tövsiyələrinə əməl etmək və öz üzərində çalışmaq nəticə əldə etməsinə kömək edib:

“Astara rayon birinciliklərində və müxtəlif turnirlərdə qazandığım uğurların arxasında çoxlu zəhmət və davamlı məşq var. Bu nailiyyətlərə çatmaq üçün hər gün davamlı olaraq məşqə gedirdim. Məşqçilərimin sözünə qulaq asıb dediklərinə əməl edir, öz üzərimdə çox işləyirdim. Müəllimlərim də çox əziyyət çəkirdi. Çox şükür ki, əziyyətimiz yerdə qalmadı, çempionluq qazandım”.

Aylin həm təhsilini, həm də idman fəaliyyətini birlikdə davam etdirir. O bildirir ki, bunun müəyyən çətinlikləri olsa da, vaxtını düzgün planlaşdırmağa çalışır. Məktəbdə müəllimlərinin dəstəyi isə onun üçün xüsusi motivasiya yaradır: “Həm təhsil almaq, həm də idmanla məşğul olmağın bir az çətinliyi olur, amma vaxtımı düzgün planlaşdırmağa çalışıram. Məktəbdə müəllimlərim mənə anlayışla yanaşır, məşq və yarışlara hazırlaşarkən dərslərdən geri qalmamağım üçün dəstək olurlar”.

“İdmanın cinsiyyətə aidiyyəti yoxdur”

O qeyd edir ki, bəzi insanlar hələ də qızların güləş kimi idman növləri ilə məşğul olmasına fərqli yanaşır. Lakin gənc idmançı hesab edir ki, idmanın cinsiyyətə aidiyyəti yoxdur: “Qızların güləş kimi idman növü ilə məşğul olmasına hələ də fərqli baxanlar olur, çünki onlar bu idman növünü daha çox oğlanlarla əlaqələndirirlər. Amma idmanla məşğul olmağın qız ya oğlan olmaqla əlaqəsi yoxdur. Əgər bir qız idmanla, güləşlə məşğul olmaq istəyirsə və buna marağı varsa, bu yolda uğur qazana bilər. Güləş insanı güclü edir, insanda özünəinam yaradır. Mənim kimi idmanla məşğul olmaq istəyən qızlara tövsiyəm odur ki, əgər bu yolda irəliləmək və uğur qazanmaq istəyirlərsə, heç vaxt arzularından vaz keçməsinlər. Əgər bu idmanı sevirlərsə, çox çalışsınlar, qarşılarına məqsəd qoysunlar, məşqlərə davamlı getsinlər və mənfi fikirlərə qulaq asmasınlar. Əgər bunları etsələr, inanıram ki, onlar güclü olacaq və bir çox nailiyyət qazanacaqlar”.

Gənc güləşçi gələcəkdə idman karyerasını daha da inkişaf etdirmək və böyük yarışlarda ölkəmizi layiqincə təmsil etmək istəyir. Artıq qarşısına qoyduğu ilk məqsədə – respublika çempionluğuna nail olduğunu deyən Aylin daha böyük hədəflər üçün çalışdığını vurğulayır:

“Gələcəkdə idman karyeramı daha da inkişaf etdirmək və böyük yarışlarda ölkəmi layiqincə təmsil etmək istəyirəm. Qarşıma qoyduğum ilk məqsəd respublika çempionluğu idi və ilk məqsədimə çatdım. Bundan sonra isə Avropa, dünya və Olimpiya çempionluğu məqsədimdir və onlara da çatacağam”.

Sonda isə gənc idmançı bu yolda ona dəstək olan insanlara minnətdarlığını bildirir: “Bu yolda üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Loğman Ağayev olmaqla Samir Hacıyevə və anama təşəkkür edirəm”.

Gənc idmançılar arasında qazandığı uğurlarla diqqət çəkən Nuray Cəfərli isə artıq bir neçə ildir ki, ölkə miqyasında keçirilən yarışlarda öz sözünü deyən idmançılardandır. İlk təhsilini Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbdə alan Nuray hazırda Respublika Olimpiya İdman Liseyinin şagirdidir. Üç il ard-arda Azərbaycan çempionu olan gənc idmançı beynəlxalq arenada da ölkəmizi təmsil edir və qarşısına daha böyük hədəflər qoyur. Yarışlara hazırlıq prosesinin adi məşqlərdən daha fərqli və intensiv keçdiyini deyən N.Cəfərli qeyd edir ki, beynəlxalq yarışların məsuliyyəti də tam başqadır. Gənc idmançı xüsusilə ötən il İtaliyada keçirilən Avropa oyunlarında qazandığı təcrübəni xatırlayır: “Yarışa hazırlıq prosesi gündəlik məşqlərdən fərqlənir, daha intensiv olur. Amma beynəlxalq yarışların ab-havası tam başqadır. Orada məşq etdiyin şəhəri yox, bütün Azərbaycanı təmsil edirsən. Daha güclü olmağın vacib olduğunu anlayırsan”.

Bu il Bolqarıstanda keçiriləcək Avropa yarışlarına hazırlaşan Nuray artıq növbəti mərhələni də düşünür. Onun məqsədi bu yarışda uğur qazanaraq dünya çempionatına vəsiqə əldə etməkdir: “Bu il yer qazanmaq mütləqdir. Çünki Avropadan sonra dünya çempionatı da olacaq, orada da iştirak etmək istəyirəm. Motivasiya mənbəyim anam və müəllimlərimdir”.

Nuray bildirir ki, qarşısına qoyduğu əsas hədəf isə Azərbaycan bayrağını daha böyük arenalarda yüksəltməkdir. “Avropa, dünya və Olimpiya yarışlarında bayrağımızı yüksəltmək istəyirəm. Əsas hədəfim budur”.

Gənc idmançıların əzmi, iradəsi və böyük hədəfləri göstərir ki, idman sahəsində yetişən bu nəsil gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edəcək. Onların uğurları həm yaşıdları üçün motivasiya, həm də ölkəmizin idman gələcəyinə ümid verir.