“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir

26 May, 2026 - 11:48
“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir

Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və ustad Aşıq Ələsgərin anadan olmasının 205 illiyi münasibətilə Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” mövzusunda tədbir təşkil olunub.  

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin rəsmi açılışından öncə rəhbərlik və qonaqlar Qərbi Azərbaycanın tarixi, mədəni irsi, toponimləri və soydaşlarımızın keçdiyi çətin sınaqları, o cümlədən ustad sənətkarın həyat yolunu əks etdirən zəngin sərgi və informasiya stendləri ilə tanış olublar. Qərbi Azərbaycan həqiqətlərinin və tarixi faktların regional miqyasda geniş ictimaiyyətə, xüsusilə gənc nəslə dolğun şəkildə çatdırılması məqsədilə qurulan stendlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgiyə baxışdan sonra ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə elmi-praktik tədbir təşkil olunub. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca ustad aşığın həyat və yaradıcılığına həsr olunmuş geniş videoçarx nümayiş etdirilib. 

Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı Qərbi Azərbaycanın mənəvi rəmzlərindən olan Dədə Ələsgər irsinin Quba müstəvisində tədqiqi və təbliğinin tarixi yaddaşın qorunması, eləcə də milli qayıdış ideologiyasının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev mövzuya ənənəvi təbrik çərçivəsindən kənara çıxaraq, yüksək səviyyəli akademik və elmi-fəlsəfi təhlillə yanaşıb. Məruzədə Aşıq Ələsgər poeziyasında yer alan Göyçə mahalının toponimləri, coğrafi məkanları və təbiət təsvirləri şəhərsalma, tarixi coğrafiya və sosiokültürəl yaddaş prizmasından araşdırılıb. Professor elmi arqumentlərlə əsaslandırıb ki, ustadın yaradıcılığındakı hər bir coğrafi ad sadəcə bədii təsvir vasitəsi deyil, bütöv bir xalqın həmin torpaqlardakı tarixi-hüquqi varlığının, milli kimliyinin və sarsılmaz mənəvi mülkiyyətinin poetik sənədidir. 

Daha sonra Sarıköynək əsərinin yaranma tarixindən danışan direktor qeyd edib ki, böyük ustadın görmədən belə gözəlliyin bədii təqdimatı yalnız ilahi istedadın nəticəsi ola bilər. Bu xüsusi akademik təhlil tədbirin elmi rasionallığını artırmaqla yanaşı, iştirakçılar tərəfindən dərin maraqla qarşılanıb. Professor Yusif Alıyevin çıxışında müqayisələr aparması və ustadın əsərlərindən ibarət kitabın nümayişi də maraqla qarşılanıb. 

 “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın irsinin nəsillərarası ötürülməsi missiyasından, Dədə Ələsgər ocağının və yaradıcılığının kütləvi tədqiqi, beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, dahi aşığın irsinin sadəcə bir ailənin deyil, bütöv bir millətin mənəvi sərvəti və toxunulmaz mülkü olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı isə öz çıxışında Aşıq Ələsgər poeziyasının heyrətamiz dil, bədii sənətkarlıq və fəlsəfi xüsusiyyətlərindən, ustadın klassik aşıq şeirinə gətirdiyi poetik yeniliklərdən, dilimizin saflığının və milli intonasiyasının qorunmasındakı böyük xidmətlərindən bəhs edərək bu irsin müasir Azərbaycan poeziyasının formalaşmasına və inkişafına göstərdiyi fundamental təsirləri elmi tezislərlə əsaslandırıb. 

Daha sonra Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor İbadulla Ağayev, eləcə də tibb elmləri doktorları, professorlar Fatma Hacıyeva və Abbas Bağırov Göyçənin mənəvi-təbii mühitinin klassik irsimizə təsirlərindən, Alpan kənd tam orta məktəbinin direktoru Mehpara Rüstəmova gənclərin milli ruhda tərbiyəsində bu irsin rolu və ADPU-nun Quba filialının filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev məkan-yaddaş münasibətlərinin linqvo-poetika müstəvisindəki elmi şərhi barədə rəsmi mülahizələrini bölüşüblər. Tədbirdə iştirak edən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva da mövzu ətrafında çıxış edərək, ustadın qoşmalarından nümunələr səsləndirib. Həmçinin qubalı aşıq Fariz Qayıbovun, filialın tələbələrinin və Elşad Bayramov adına Quba rayon Alpan kənd tam orta məktəbinin istedadlı şagirdlərinin bədii-musiqili ifaları tədbirin məzmununu daha da zənginləşdirib.

Yüksək təşkilatçılıq şəraitində keçən tədbir, iştirakçıların rəsmi xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.

“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir
“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir
“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir
“Dədə Ələsgər poeziyasında məkan və yaddaş: Göyçə konteksti (Quba müstəvisində)” - Quba filialında tədbir