Deportasiya ilə bağlı hüquqi tədqiqatlar genişləndirilməlidir - Anar Bağırov

3 İyun, 2026 - 11:58
Deportasiya ilə bağlı hüquqi tədqiqatlar genişləndirilməlidir - Anar Bağırov

"Qərbi azərbaycanlıların deportasiya faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi istiqamətində işlər davam etdirilməlidir". 

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdış hüququnu açıq şəkildə tanıyır:

"BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın bir sıra maddələri, həmçinin BМТ Baş Assambleyasının bir sıra qətnamələri sübut edir ki, öz ölkəsindən zorla qovulmuş hər bir şəxsin geri qayıtmaq hüququ var. Bu, güzəştə gedilə bilməyəcək, barışıq stolunda dəyişdiriləcək bir mövzu deyil. Bu, ayrılmaz bir insan hüququdur".

O qeyd edib ki,  Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda ədalətin tam bərpasının mümkün olduğunu nümayiş etdirib:

"Bu həm də Qərbi Azərbaycana qayıdış tələbinin beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanan legitimliyini daha da gücləndirib.  Qərbi Azərbaycana qayıdış məsələsi artıq yalnız tarixi yaddaşın qorunması və ya hüquqların bərpası ilə məhdudlaşmır, o, Azərbaycan cəmiyyətinin gələcəyə baxışını formalaşdıran mühüm milli ideyalardan birinə çevrilib". 

Anar Bağırov əlavə edib ki, deportasiyaya məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq hüquqi mexanizmlərdən və aidiyyəti beynəlxalq institutlardan daha fəal və səmərəli şəkildə istifadə olunmalıdır:

"Bu mövzu üzrə müqayisəli hüquqi tədqiqatların genişləndirilməsi vacibdir. Dünyanın müxtəlif regionlarında baş vermiş deportasiya və məcburi köçürülmə halları, eləcə də qayıdış hüququnun təmin edilməsi təcrübəsi dərindən öyrənilməli və əldə olunan nəticələrdən faydalanılmalıdır. Həmçinin gənc nəslin bu tarixi missiyaya daha fəal şəkildə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Qərbi Azərbaycana qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi və davamlılığının təmin edilməsi məhz onların fəallığından və bu ideyaya bağlılığından asılıdır".