DİM sədri: Təhsil və kadr siyasəti sahəsində unikal məlumat bazaları formalaşdırmışıq

10 Aprel, 2026 - 10:31
DİM sədri: Təhsil və kadr siyasəti sahəsində unikal məlumat bazaları formalaşdırmışıq

“Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib. Bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, DİM artıq ədalət infrastrukturunun mühüm elementinə çevrilib: “Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırmışıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq”.

O qeyd edib ki, texnologiyalar şəffaflığı və imkanların bərabərliyini qoruyur. “Bunker”, onlayn proktorinq (nəzarət) sistemləri, tapşırıqların generasiyası və qiymətləndirilməsi alqoritmləri prosesin obyektivliyini təmin edən alətlərdir: “Biz etibarlı prosedurlara əsaslanan intellektual infrastruktur qurmuşuq. Yanaşmamız qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib. Hər il 15 milyondan çox elektron xidmət göstərərək rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik”.