“Diplomdan daha vacib sual var” – DİM sədri tələbələrə nə arzuladı?
“İndi sizin qarşınızda bizim tələbəlik illərimizdə olmayan çox böyük imkanlar var. Demək olar ki, bütün dünya kitabxanası telefonunuzdadır. Dünyanın ən yaxşı universitetlərinin mühazirələrini dinləyə, elmi məqalələri bir neçə saniyəyə tapa, süni intellektdən öyrənmək üçün istifadə edə bilərsiniz”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkədəki hesabında ali məktəblərə yeni qəbul olan abituriyentləri təbrik edərkən deyib.
O, tələbə adını yeni qazanan gənclərə öz tövsiyələrini də verib: “Bir şeyi unutmayın: texnologiya sizin yerinizə düşünməyə başlamamalıdır. Süni intellektdən istifadə edin, amma ən qiymətli qabiliyyətinizi — müstəqil düşünmək bacarığınızı ona verməyin.
Ətrafınızda sizdən daha güclü insanların olmasından qorxmayın. Universitetin ən böyük üstünlüklərindən biri məhz öyrənə biləcəyiniz insanların arasında olmaqdır. Sual verin. Bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Fikrinizi əsaslandırmağı, daha güclü arqumentlə qarşılaşanda isə onu dəyişməyi bacarın.
Səhv etməkdən də qorxmayın. Universitet illərini tamamilə səhvsiz keçirməyinizi arzulamazdım. İnsan yalnız uğurlarından öyrənmir. Əsas odur ki, səhvləriniz həyatınızı dağıtmasın, təcrübəyə çevrilsin.
Və həyatınızı daim başqalarının həyatı ilə müqayisə etməyin. Sosial şəbəkələr sizə insanların həyatının yalnız seçilmiş fraqmentlərini göstərir. Sizin əsas müqayisə nöqtəniz dünənki özünüz olsun”.
DİM sədri vurğulayıb ki, universitet illəri yalnız mühazirələr və dərsliklərdən ibarət olmamalıdır. Bu illərdə dostluq da, sevgi də, kitablar da, musiqi də, idman da, səyahətlər də, tələbə layihələri, könüllülük və ilk müstəqil qərarlar da olsun:
“Diplom bir gün yalnız hansı ixtisası bitirdiyinizi təsdiq edəcək. Amma daha vacib sual budur: bu illər ərzində siz necə bir insan oldunuz?
Arzu edirəm ki, illər sonra tələbəlik dövrünüzə baxıb deyə biləsiniz:
“Mən sadəcə təhsil almadım — düşünməyi, seçim etməyi, özümə cavabdeh olmağı və gələcəkdən qorxmamağı öyrəndim”.




