Direktor müavini işləmək istəyənlərin ən çox maraqlandığı SUALLARIN CAVABLARI

26 Avqust, 2026 - 10:01
Direktor müavini işləmək istəyənlərin ən çox maraqlandığı

24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanıb. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

"Azərbaycan müəllimi" dövlət ümumi təhsil müəssisələrinə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı namizədləri maraqlandıran suallara cavabları təqdim edir.

Dövlət ümumi təhsil müəssisələrinə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 3 ildən az olmayaraq pedaqoji stajı olan, qaydalara uyğun minimum bal tələbini ödəyən və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər İştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün bal tələbi necədir?

Şagird sayı 501-dən çox olan təhsil müəssisələrinə müraciət edən namizədlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 85% və daha yuxarı nəticə göstərməlidir.

Şagird sayı 500-dən az olan təhsil müəssisələrinə müraciət edən namizədlər təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlər isə müəllimlərin işə qəbulu müsabiqəsinin, müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında və ya ixtisas bilikləri imtahanında 70% və daha yuxarı nəticə göstərməlidir.

Müsabiqəyə elektron sənəd qəbulu nə zaman həyata keçiriləcək?

Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 avqust saat 15:00-dan 27 avqust saat 17:00-dək https://miq.edu.az/muavin linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Direktor müavinlərinin işə qəbulu 2 mərhələdən (seçim və müsahibə) ibarət müsabiqə yolu ilə keçirilir.

Elektron müraciət zamanı namizəddən hansı sənədlər tələb olunur?

Elektron müraciət zamanı namizəddən aşağıdakı sənədlər tələb olunur:
a) Ali təhsil haqqında sənəd (lər)in surəti;
b) Elmi ad və ya dərəcə varsa təsdiqedici sənədin surəti;
c) Əmək kitabçasının surəti.

Namizəd neçə vakant yer üçün müraciət edə bilər?

Ən çox 3 vakant yer seçilə bilər.

Namizədin seçmədiyi vakant yer üzrə dəyərləndirilməsi aparıla bilərmi?

Xeyr, namizədlərin komissiyalar tərəfindən dəyərləndirilməsi yalnız seçdikləri müvafiq vakant yerlər üzrə aparılır.

Namizədlər müsahibə mərhələsinə necə dəvət edilir?

Namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilirlər.

Müsahibə mərhələsində namizədin hansı meyarlar üzrə qiymətləndirilməsi aparılır?

Namizəd aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
a) Liderlik və strateji idarəetmə bacarıqları;
b) Pedaqoji və tədris bacarıqları;
c) İdarəçilik və təşkilatçılıq bacarıqları;
d) Ünsiyyət və əlaqə bacarıqları;
e) Problemlərin həlli və qərarvermə;
f) Rəqəmsal və texnoloji bacarıqlar;
g) Sosial və emosional bacarıqlar.

Eyni nəticə göstərən namizədlər arasında seçim necə aparılır?

Aşağıdakı ardıcıllıqla üstünlük verilir:
a) Daha yüksək balı olan;
b) Magistr dərəcəsinə malik olan;
c) Pedaqoji stajı daha çox olan;
d) Rəhbər vəzifə təcrübəsi daha çox olan.

Direktorların işə qəbulu müsabiqəsində iştirak edən namizədlər bu müsabiqədə iştirak edə bilərlərmi?

Bəli, direktorların işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlərin direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirakına heç bir məhdudiyyət qoyulmur.