Direktor müavini: “Süni intellekt dövründə etik yanaşma əsas məsələdir
“Süni intellekt dövründə əsas məsələ insan dəyərləri və etik yanaşmadır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Baku-Oksford Məktəbin tam orta təhsil üzrə direktor müavini Rəna Ələsgərova Xankəndində təşkil edilən Təhsil Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, texnologiyanın və süni intellektin sürətlə inkişaf etdiyi dövrdə təhsilin qarşısında duran əsas çağırışlardan biri humanist yanaşmanın və empatiyanın qorunmasıdır.
R.Ələsgərovanın sözlərinə görə, süni intellekt informasiyaya çıxışı xeyli asanlaşdırsa da, bu, bilik və savadlılığın əhəmiyyətini azaltmır: “Artıq informasiya əldə etmək əvvəlki kimi çətin deyil. Lakin əsas məsələ bilikdən necə istifadə etməyimiz, hansı dəyərləri əsas götürməyimizdir”.
Qeyd olunub ki, süni intellektlə bağlı müzakirələr yalnız texnologiya üzərində qurulmamalı, insan dəyərləri, etika və məsuliyyətli istifadə ön plana çəkilməlidir.
R.Ələsgərova vurğulayıb ki, müasir təhsildə yanaşma dəyişməli, diqqət yalnız bilik əldə etməyə deyil, həm də tənqidi düşüncə, məsuliyyət və humanist dəyərlərin formalaşdırılmasına yönəlməlidir.



