Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu arasında memorandum imzalanıb
Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu Təhsil Platforması arasında anlaşma memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" AzEdu-ya istinadla xəbər verir ki, əməkdaşlığın təşkili və qarşılıqlı fəaliyyətin əsas prinsiplərinin müəyyən edilməsi məqsədilə imzalanan Memoranduma əsasən tərəflər xaricdə yaşayan azərbaycanlı alimlərin elmi fəaliyyətinin və nailiyyətlərinin ictimaiyyətə tanıdılması istiqamətində geniş məzmunlu layihə həyata keçirəcəklər.
DAAB və AzEdu arasında birgə həyata keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin elmi nailiyyətlərini, peşəkar təcrübələrini və beynəlxalq akademik mühitdə qazandıqları uğurları Azərbaycan ictimaiyyətinə daha yaxından təqdim etməkdir.
Layihə çərçivəsində fərqli ölkələrdə fəaliyyət göstərən, DAAB-ın üzvü olan azərbaycanlı alimlərlə silsilə müsahibələrin hazırlanması və yayımlanması nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, DAAB üzvləri olan alimlərin elmi fəaliyyəti, tədqiqatları, layihələri və nailiyyətlərinin ictimaiyyətə çatdırılması, elm və təhsil sahəsində aktual mövzular üzrə müsahibə, reportaj və digər məlumatlandırıcı materialların hazırlanması, elmi biliklərin geniş auditoriyaya anlaşıqlı və düzgün formada təqdim olunmasının təşviqi layihənin əsas istiqamətlərindəndir.
Qeyd edək ki, xarici ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirən Dünya Azərbaycanlı Alimlər Birliyi üzvləri ilə hazırlanacaq materiallar əsasən aşağıdakı sahələri əhatə edəcək:
-Süni intellekt və informasiya texnologiyaları;
-Tibb və biotexnologiya
-Mühəndislik və tətbiqi elmlər
-Energetika və ətraf mühit elmləri
-Riyaziyyat və fundamental elmlər
-Təhsil və təhsil texnologiyaları
-İqtisadiyyat və idarəetmə
-Sosial və humanitar elmlər
Layihənin əsas formatı yazılı müsahibələrdən ibarət olacaq. Bu format alimlərin fikirlərinin daha ətraflı və sistemli şəkildə təqdim edilməsinə, həmçinin uzunmüddətli istinad materialı kimi istifadəsinə imkan yaradır. Bununla yanaşı, seçilmiş müsahiblərlə qısa video müsahibələr və ya videomüraciətlər hazırlanaraq AzEdu-nun rəqəmsal platformalarında və sosial media resurslarında yayımlanacaqdır.
Qeyd edək ki, layihənin ərsəyə gəlməsinə əsas səbəbkarlardan biri də Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri professor Məsud Əfəndiyevdir. M.Əfəndiyev Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısıdır.
Layihənin ideya müəllifi isə AzEdu MMC-nin təsisçisi Elşad Eyvazlıdır. Qeyd edək ki, layihə ayda iki dəfə AzEdu Təhsil Platforması və Modern Media Groupa aid media resurslarında yayımlanacaq.




