Dünyadakı uşaqların yarısı eyni anda 3 iqlim təhlükəsi ilə üzləşir – UNİCEF

16 İyun, 2026 - 12:05
Dünyadakı uşaqların yarısı eyni anda 3 iqlim təhlükəsi ilə üzləşir

UNICEF-in 2026-cı il üçün hazırladığı “Uşaqların iqlim riski” hesabatına əsasən, dünyada təxminən 1,1 milyard uşaq, yəni bütün uşaqların yarısına yaxını eyni anda iqlim dəyişikliyinin ən azı üç təhlükəsinə məruz qalır.

"Azərbaycan müəllimi" xəbər verir ki, hesabata əsasən, iqlim dəyişikliyinin təsirləri dərinləşdikcə uşaqlar quraqlıq, həddindən artıq isti hava, istilik dalğaları, meşə yanğınları, çay və sahil daşqınları, qum və toz fırtınaları, eləcə də tropik qasırğalar kimi çoxsaylı risklərlə üzləşirlər.

Araşdırmaya görə, dünyada demək olar ki, hər bir uşaq ən azı bir iqlim təhlükəsinin təsiri altındadır. Ən geniş yayılmış risklər arasında quraqlıq, 35 dərəcədən yuxarı həddindən artıq isti hava şəraiti və təkrarlanan istilik dalğaları yer alır.

UNICEF vurğulayır ki, uşaqlar anomal temperaturlara böyüklərlə müqayisədə daha həssasdırlar. Bunun əsas səbəbi onların orqanizminin daha tez isinməsi, daha az tərləməsi, daha sürətli nəfəs alması və bədən çəkisinə nisbətən daha çox qida və suya ehtiyac duymasıdır.

Hesabat göstərir ki, iqlim təhlükələri artıq yüz milyonlarla uşağın gündəlik həyatına təsir edir. Belə ki, təxminən 337 milyon uşaq çay daşqınlarının baş verdiyi ərazilərdə yaşayır, 33 milyon uşaq isə sahil daşqınları riski ilə üz-üzədir.

Quraqlıq ən geniş yayılmış problemlərdən biri olaraq qalır. Dünyada 1,8 milyarddan çox uşaq kənd təsərrüfatı və ya meteoroloji quraqlığın təsirlərinə məruz qalır. Bu isə ərzaq təhlükəsizliyi, qidalanma və ailələrin dolanışıq imkanları üçün ciddi təhdid yaradır.

Eyni zamanda, 662 milyon uşaq tropik fırtınaların təsir dairəsində yaşayır. Bu ərazilərdə güclü yağış və küləklər evlərə, məktəblərə və səhiyyə infrastrukturuna ziyan vurur.

Hesabatda bildirilir ki, dünyada hər üç uşaqdan ikisi, yəni təxminən 1,5 milyard uşaq getdikcə daha tez-tez, daha uzunmüddətli və daha şiddətli xarakter alan istilik dalğalarına məruz qalır. Bundan əlavə, 1,2 milyard uşaq həddindən artıq isti hava şəraitində yaşayır.

UNICEF-in qiymətləndirməsinə görə, 206 milyon uşaq şiddətli meşə yanğınları, 123 milyon uşaq isə qum və toz fırtınalarının müşahidə olunduğu bölgələrdə yaşayır.

Hesabatda iqlim dəyişikliyinin uşaqların sağlamlığına birbaşa təsir edən riskləri də artırdığı vurğulanır. Dünyada təxminən 1 milyard uşaq temperatur və yağıntı rejimlərindən asılı olan malyariya xəstəliyinin yayıldığı ərazilərdə yaşayır.

Hava çirkliliyi isə daha geniş miqyas alıb. Hesabata görə, təxminən 2,3 milyard uşaq havada çirkləndirici maddələrin aşkar edildiyi bölgələrdə yaşayır.

UNICEF xəbərdarlıq edir ki, bu risklər xüsusilə səhiyyə, təhsil və sosial müdafiə sistemlərinin zəif olduğu ölkələrdə uşaqların sağlamlığını, inkişafını və gələcəyini ciddi şəkildə təhdid edir. Həmçinin hökumətlər və özəl sektor iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, uşaqların istifadə etdiyi xidmətlərin dayanıqlığını artırmaq və iqlimə uyğunlaşma tədbirlərini gücləndirmək üçün daha qətiyyətli addımlar atmağa çağırılır.