Elmi dərəcə alanların sayı artır – STATİSTİKA
Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 müəssisə və təşkilatda (40 ali təhsil müəssisəsi, 74 elmi müəssisə və təşkilat) doktoranturalar fəaliyyət göstərib və onlarda 50,9 faizi qadın olmaqla 3123 nəfər təhsil alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin elmi kadrların hazırlanması haqqında məlumatında əks olunub.
Qeyd olunub ki, onların 85 faizi fəlsəfə doktoru, 15 faizi isə elmlər doktoru proqramları üzrə olub.
Təhsil alanların 34 faizi elmi müəssisə və təşkilatlarda, 66 faizi isə ali təhsil müəssisələri üzrə doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,3 və 69,7 faiz, elmlər doktoru proqramı üzrə isə 54,9 və 45,1 faiz təşkil edib.
2024-cü illə müqayisədə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 41,4 faiz artaraq 707 nəfər, elmlər doktoru proqramı üzrə isə 30,1 faiz artaraq 173 nəfər təşkil edib.
Bununla yanaşı, 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 147 dissertant təhkim olunub ki, onların da 74,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 73 nəfəri qadın olmaqla 120 nəfər təşkil edib. Dissertantların əsas hissəsi tibb, hüquq, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub.




