Emin Əmrullayev: Məktəbdə qazanılan bilik gələcək üçün bir sərmayədir
"Bilik Günü hər birimizin həyatında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Xüsusilə birinci sinfə qədəm qoyan şagirdlər üçün bu gün həyatlarının yeni və çox vacib mərhələsinin başlanğıcıdır. İnanıram ki, bu gün bütün Azərbaycanda məktəbə ilk addımını atan hər bir uşağın yaddaşında ömrünün sonuna qədər qalacaq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri E.Məmmədov adına 21 nömrəli tam orta ümumtəhsil məktəbində "Bilik günü" münasibəti ilə keçirilən tədbirdə söyləyib.
Nazir qeyd edib ki, insan həyatında orta məktəb illərinin xüsusi yeri var:
"Şagirdlərimiz bu illərdə yalnız bilik və bacarıqlar əldə etmir, eyni zamanda şəxsiyyət kimi formalaşır, dostluq etməyi, ünsiyyət qurmağı, məsuliyyət daşımağı, bir-birlərinə hörmət etməyi öyrənirlər. Bu baxımdan məktəb insan həyatını formalaşdıran ən mühüm mərhələlərdən biridir. Təbii ki, məktəbin əsas vəzifələrindən biri şagirdə yaxşı təhsil vermək, onun bilik və bacarıqlarını inkişaf etdirmək, yüksək təhsil nailiyyətləri qazanmasına şərait yaratmaqdır. Amma bununla yanaşı, bizim qarşımızda daha böyük bir vəzifə də dayanır. Biz yaxşı təhsil almış insanla yanaşı, yaxşı insan, məsuliyyətli vətəndaş yetişdirməliyik".
Nazir qeyd edib ki, elm və təhsilin inkişafı hər bir ölkənin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Müasir dünyada ölkələrin rəqabət qabiliyyəti, inkişafı və dayanıqlılığı böyük ölçüdə onların insan kapitalından, elm və təhsilə verdikləri dəyərdən asılıdır. Ona görə də məktəbdə qazanılan bilik yalnız bu gün üçün deyil, gələcək həyat üçün bir sərmayədir:
"Bizim məqsədimiz də məhz belə bir təhsil sistemi qurmaqdır ki, burada şagird yalnız dərslikdəki məlumatları öyrənməklə kifayətlənməsin, araşdırmağı, düşünməyi, sual verməyi, müstəqil qərar qəbul etməyi və əldə etdiyi bilikləri praktikada tətbiq etməyi bacarsın".
Nazirin sözlərinə görə, məktəbdə formalaşan maraq və tədqiqatçılıq ruhu gələcəkdə elmə, innovasiyaya və yeni ideyalara yol açır:
"Biz istəyirik ki, məktəblərimiz şagirdlərin yalnız hazır bilikləri qəbul etdiyi deyil, həm də yeni biliklərin yaranmasına maraq göstərdiyi məkanlara çevrilsin.Bu işdə isə müəllimin rolu əvəzsizdir".




