Emin Əmrullayev: İş tapma səbəbi ali təhsilli olub-olmamaqla bağlı deyil
“Biz abituriyentlərə, onların valideynlərinə izah etməliyik ki, siz 200 bal yığıb "Kompüter mühəndisliyi" ixtisasına qəbul ola bilərsiniz, amma böyük ehtimal ki, sizdən keyfiyyətli kompüter mühəndisi olmayacaq. 200 bal yığan adamdan kompüter mühəndisi olmaz”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, 200 bal yığan gedib yüksək peşə təhsili alsa, məsələn, avtomobil mühərrik ustası olsa, bazarda daha tez iş tapacaq və çox əməkhaqqı alacaq: "İnsanlar da buna inanmalıdır. Onlar başa düşməlidir ki, belə mənim ali təhsilim olmayacaq, amma mənim daha yaxşı əməkhaqqım, daha yaxşı iş yerim olacaq. Sonra da şikayət etməyəcəyəm ki, mənim ali təhsilim var, amma iş tapa bilmirəm. İş tapma səbəbi ali təhsilli olub-olmamaqla bağlı deyil. Bacarıqla, savadla bağlıdır. Bu, çox vacibdir. Ali təhsilliliyi statusdan əmək bazarına çevirmək üçün bizim cəmiyyət olaraq çox ciddi mental transformasiyaya ehtiyacımız var", – deyə nazir qeyd edib.




