Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı ilə bağlı vandalizm faktları açıqlandı 

3 İyun, 2026 - 11:07
Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı ilə bağlı vandalizm faktları açıqlandı 

"Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan İcması ilə birlikdə keçirdiyi “Qərbi Azərbaycana qayıdış milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq elmi konfrans bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü və konseptual fəaliyyətə ciddi töhfə və dəstək kimi dəyərləndirilə bilər".

“Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. 

Sədr bildirib ki, Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən son 200 il ərzində mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən təşkilatdır: "Onun fəaliyyətinin ana xəttini həmin insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. 

Bu təşkilat 1987-1988-ci illərdə – Qarabağ münaqişəsinin ilk mərhələsində və bu münaqişənin tərkib hissəsi kimi, Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulan 300 min qaçqının sosial problemlərini həll etmək üçün 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilmiş, 2022-ci il avqustun 3-də “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olunmuşdu”.

Əziz Ələkbərli əlavə edib ki, icma Ermənistan hökumətinə dialoq təklifi ilə dəfələrlə müraciət etsə də, qarşı tərəf çağırışlara hələ də cavab vermir, əksinə, Qərbi Azərbaycana qayıdış məsələsini siyasi gündəmdən çıxarmaq üçün əlindən gələni edir.

İcma sədri qeyd edib ki, təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq azərbaycanlı bədən xəsarəti alıb: "300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün – 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkib, tarixi abidələrimiz dağıdılıb, qəbiristanlıqlar məhv edilib, mənəvi mühitlər yoxa çıxıb. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik. 

Təkcə belə bir faktı xatırladım ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı müəyyən edilmişdir ki, bu qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilmiş, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilmiş, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilmiş, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilmiş, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilmiş, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınmış, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılmış, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülmüş, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib. Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir".

Ə.Ələkbərlinin sözlərinə görə, bu günə qədər icma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb: "İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılmışdı. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilmişdir. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləmişlər. İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak etmişlər. 

Bununla belə,  2025-ci il il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq Sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gələcəyinə inamı artırmışdır. Biz, Qərbi Azərbaycan İcması olaraq, hər iki dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Buna görə ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, icmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcək”.