ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

8 Sentyabr, 2025 - 16:31
ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər
ETN: Qeydiyyat zamanı tələbədən tibbi arayış tələb oluna bilər

Hər il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat prosesi ilə bağlı müəyyən maraq doğuran məsələlər olur. Qeydiyyat zamanı hansı sənədlərin tələb olunduğu, tibbi arayışın zəruriliyi ilə bağlı tez-tez suallar yaranır. Bu mövzu ilə bağlı “Azərbaycan müəllimi” Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən cavabda bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatı “Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qeydiyyat üçün tələb olunan sənədlər bunlardır:

1. Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini; əcnəbilər pasport və ya icazə vəsiqələrini; vətəndaşlığı olmayan şəxslər isə müvafiq sənədləri təqdim edirlər;
2. Tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənəd (cari ilin məzunları üçün təhsil müəssisəsini bitirmə barədə arayış);
3. Azərbaycanda ali təhsil müəssisəsini bitirən abituriyentlər üçün dövlət hesabına təhsil alıb-almadığını təsdiq edən arayış;
4. Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
5. Təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi hüququnu təsdiqləyən sənədlər.

Nazirlikdən həmçinin qeyd olunub ki, qəbul prosesi və ya sənədlərin təqdimatı zamanı tələbədən sağlamlıq vəziyyətini təsdiq edən tibbi arayış da tələb oluna bilər. Bu məsələ ali təhsil müəssisələrinin səlahiyyətindədir və həmin müəssisələrin qərarına əsasən həyata keçirilir.